Xəbərlər
Əskişəhərdə Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı keçirilmişdir
Əskişəhərdə yerləşən Türkiyə Anadolu Dövlət Universitetindəki Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzində görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil edildiyi 944 səhifəlik kitab Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü əsasında “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanmışdır.
Mərasimi giriş sözü ilə açan Anadolu Universitetinin “Azərbaycan Praqramları”nın rəhbəri Azər Hətəmov böyük şairimizin zəngin bədii yaradıcılığı, onun sovet repressiya maşınının qurbanı olan həyatı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəni Azərbaycana gətirilməsi, əsərlərinin nəşri və dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs etmişdir.
Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan rəhbərlik etdiyi təhsil müəssisəsində Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyəti, Hüseyn Cavid şəxsiyyətinin böyüklüyü, şairin yaradıcılığının türk dünyasının ədəbiyyatına gətirdiyi ucalıqdan danışmışdır.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova şairin yaradıcılığındakı rəngarəngliyin onun dərin təfəkküründən və zəngin dünya görüşündən qaynaqlandığını diqqətə çatdırmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, keçmiş sovet dövründə uzun illər unutdurulmağa çalışdırılan Hüseyn Cavidin Azərbaycan xalqına qaytarılması və əsərlərinin yayılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının əsərlərinin yayılması və dünyada tanıdılması Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Hüseyn Cavidin əsərlərinin külliyyatının Türkiyədə nəşri bu sahədə həyata keçirilən çoxistiqamətli tədbirlərin tərkib hissəsidir.
Sonda Anadolu Universitetinin “Azərbaycan Proqramları”nın bakalavr məzunları Hüseyn Cavidin əsərlərindən parçalar oxumuşlar.