Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib.
Keçmiş Baş nazir Abdelsalam Al-Macali İordaniyanın Kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirdi.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirildi.
Abdelsalam Al-Macali İordaniya Kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.