YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Standartlaşdırma və metrologiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırılıb

Ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırılıb, dövlət səviyyəsində institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb.

Bu fikirləri martın 3-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” mövzusunda Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimində bildirib.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayan komitə sədrinin sözlərinə görə, hazırda icrasına başlanılan sayca III Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir.

Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.

Vurğulanıb ki, qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Azərbaycanın metrologiya sahəsində mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatına (KOOMET) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasında (EASC) təmsil olunan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olub.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Hazırda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir metrologiya sahəsinin inkişafında Tvinninq layihəsinin rolunu da vurğulayıb. Xanım səfir bundan sonra da Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması prosesində Avropa İttifaqının yaxından iştirak edəcəyinə, lazımi dəstəyin verilməsinə əminliyini bildirib.

Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka və Almaniyanın Azərbaycandakı səfiri xanım Heidrun Tempel metrologiya sahəsində Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

Avropa İttifaqı və SMPDK-nın birgə icrasına başladıqları Tvinninq layihəsi Çex Respublikasının Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunacaq. İki il müddətinə icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

 

DİGƏR Xəbərlər Arxiv