Xəbərlər
Mübariz Qurbanlı: Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir
Martın 2-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Multikulturalizm ili” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri, Dini Qurumlarla İş üzrə Dövlət komitələrinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bizim gücümüz birliyimizdədir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında yaşayan milli azlıqların və etnik qrupların nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri, Dini Qurumlarla İş üzrə Dövlət komitələrinin rəhbər işçiləri, beynəlxalq təşkilatların əməkdaşları, cənub bölgəsində fəaliyyət göstərən dini icmaların və Lənkəran rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı dəhşətlərini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Müxtəlif millətləri təmsil edən milli geyimli uşaqlar qonaqları şeir, mahnı və rəqslərlə salamlayıblar.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov multikulturalizmin, tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. T.Qaraşov tarixən Lənkəranda müxtəlif xalqların nümayəndələrinin dostluq şəraitində yaşadıqlarını vurğulayaraq, ictimai-siyasi sabitliyin hökm sürdüyü ölkəmizdə tolerantlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, multikulturalizm Azərbaycanda uzun illərdən bəri ayrı-ayrı xalqların nümayəndələri arasında sülh, dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq zəminində təşəkkül tapıb.
Hər bir xalqın, millətin mövcudluğunun onun ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə bağlılığından asılı olduğunu vurğulayan H.Hüseynova bildirib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, valideynə hörmət, tolerantlıq kimi xüsusiyyətləri özündə birləşdirir.
Qeyd olunub ki, ölkəmizdə yüzdən çox millətin və etnik qrupun, azsaylı xalqların nümayəndələri yaşayır. 2008-ci ildən başlayaraq Komitənin keçirdiyi “Ailə bayramı”nda müxtəlif xalqların, millətlərin nümayəndələrindən olan ailələr öz milli-mədəni dəyərlərini, adət-ənənələrini nümayiş etdirirlər. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradılıb. Ulu Öndərin bu müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib: “Bizi birləşdirən amillər çoxdur. Bu birlik bizim nailiyyətimizdir, onu qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə hazırda da yüksək səviyyədə davam edir. Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir”.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında Azərbaycanda rusdilli xalqlara göstərilən diqqət və qayğıdan söhbət açaraq, ümummilli lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra vaxtilə ölkəmizdən köçüb gedənlərin geri qayıtmağa başladıqlarını xatırladıb.
Ulu Öndərin millətlərarası münasibətlər kimi həssas bir sahədə gərginliyin qarşısının alınmasında xidmətlərini diqqətə çatdıran E.Axundova bildirib ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli azlıqların hüquqlarının müdafiəsi sahəsində dönüş baş verdi, Azərbaycan insan hüquq və azadlıqlarının, eləcə də, milli azlıqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyalara qoşuldu.
E.Axundova çıxışının sonunda qeyd edib ki, Heydər Əliyev tərəfindən bizə miras qalan azərbaycançılıq ideologiyasını, ölkəmizdə yaşayan xalqların hüquq bərabərliyini, bu mənəvi sərvətimizi göz bəbəyi kimi qorumalı və inkişaf etdirməliyik. Çünki gücümüz birliyimizdədir.
Sonra Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Draqana Filipoviç, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin müavini xanım Nato Alxazişvili, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qəni Axundzadə, Lənkərandakı rus icmasının üzvü Yelena Sverçkova, Lənkəranda yaşayan talışların nümayəndəsi Kamal Hüseynov çıxış edərək, Azərbaycanda hökm sürən tolerantlığın bütün dünyaya nümunə olduğunu bildiriblər.
Tədbir Lənkəran şəhərindəki Gənclər Mərkəzində davam etdirilib.
Mərasimdə cənub bölgəsində yaşayan milli azlıqların nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.