Xəbərlər
Seulun ən izdihamlı küçələrindən birində Xocalı soyqırımına dair banerlər asılıb
Koreya ictimaiyyətinə Xocalı soyqırımı barədə geniş məlumat vermək məqsədilə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə paytaxt Seulun mərkəzində yerləşən Yonqsan rayonunun İtaevon küçəsində fevralın 23-dən etibarən “Xocalıya ədalət!” kampaniyasının banerləri asılıb.
Banerlər 15 gün ərzində şəhər sakinlərinin və turistlərin diqqətini Xocalı soyqırımına yönəldəcək.
Yonqsan Seulun mərkəzi rayonlarından biri olmaqla bərabər, xarici və yerli turistlərin ən çox ziyarət etdikləri ərazilərdən hesab edilir. Bu, həmçinin xarici ölkələrin Seuldakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların ofislərinin yerləşdiyi əsas rayondur.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində 3 gün ərzində “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri soyqırımı barədə səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylayıblar.
Bundan başqa, Xocalı soyqırımı haqqında Koreya ictimaiyyətini daha geniş məlumatlandırmaq məqsədilə ölkənin Koreya və ingilisdilli mətbuatında məqalələr dərc etdirilib. Səfirliyin press-relizləri Koreyanın müxtəlif qurumlarına, Seuldakı diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilib. Səfir Rəmzi Teymurovun ölkədə ingilis dilində nəşr olunana “The Korea Herald” qəzetində Xocalı faciəsinə dair məqaləsi dərc edilib.