YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etdi

İyunun 18-19-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması” şüarı altında 41-ci sessiyası keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən İƏT-in baş katibi İyad bin Amin Mədəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana dəstəyini ifadə etmiş və Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu diqqətinə çatdırmışdır. O, münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün İƏT-ə üzv ölkələrə müraciət etmişdir. Baş katib hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu qeyd etmişdir.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək ölkəmizin İƏT-ə üzv dövlətlər ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmış, beynəlxalq terrorizm və islamofobiya meyllərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyi vurğulamışdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlar haqqında tədbir iştirakçılarına məlumat verilmiş və bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə İƏT-ə üzv dövlətlərə təşəkkür bildirilmişdir.

İclasın nəticəsi olaraq, İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuşdur.

İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamədə “Xocalıya ədalət” kampaniyasına həsr olunmuş xüsusi bənd öz əksini tapmışdır. Həmin bəndə əsasən İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılır.

 

DİGƏR Xəbərlər Arxiv