Xəbərlər
Səməd Seyidov: Avropa Şurasına sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik
«Avropa Şurasına sədrlik rotasiya prinsipi əsasında həyata keçirilsə də, belə bir təşkilata sədrlik etmək şərəfli məsələdir. Bildiyiniz kimi hazırda Azərbaycan 6 ay müddətində təşkilata sədrlik edəcək. AŞPA-nın iki sessiyası- yay və payız sessiyaları Azərbaycanın sədrliyi dövründə olacaq. Qarşıdan gələn yay sessiyasında Azərbaycan Prezidenti və xarici işlər naziri iştirak edəcək. Sessiyanın birinci günü xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi çıxış edəcək. Sessiyanın ikinci günündə isə Prezident İlham Əliyevin çıxış edəcəyi gözlənilir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, ümumilikdə, təşkilatın yay sessiyasında bir sıra məsələlər də müzakirə olunacaq. Onun sözlərinə görə, sədrliyimiz dövründə həm Avropa dəyərlərini, həm də Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edəcəyik.
«6 ay ərzində Avropaya Azərbaycanla bağlı məlumatları daha geniş şəkildə çatdıracayıq və bu yöndə müxtəlif tədbirlər keçiriləcək. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi gündəmdə olacaq. Təşkilatda bu yöndə xüsusi müzakirələrin təşkil olunmasına əsas yaranıb. Əminəm ki, belə də olacaq. Təşkilata sədrliyimiz dövründə məsələ diqqət mərkəzində olacaq»- deyə, komitə sədri vurğulayıb.