YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiya Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Xəbər verdiyimiz kimi, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın başçılığı ilə nümayəndə heyəti Yaponiyada səfərdədir.

Nümayəndə heyətinə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Sevinc Hüseynova və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev daxildirlər. Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edir.

Fevralın 16-da Azərbaycan nümayəndə heyətinin Yaponiya Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının sədri Nobuo Kişi ilə görüşü keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları iştirak ediblər.

N.Kişi son illər böyük uğurlara imza atan Azərbaycanın regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Yaponiyanın bu uğurlara sevindiyini bildirən komissiya sədri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib.

Dəvətə görə təşəkkür edən S.Fətəliyeva Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Bildirib ki, hər iki ölkənin hakim partiyalarının nümayəndələrinin, parlament üzvlərinin qarşılıqlı səfərləri, eyni zamanda, dövlətlərimizin də əlaqələrinin inkişafına xidmət edir. Ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər haqqında məlumat verən S.Fətəliyeva bildirib ki, regionun lider dövləti olan Azərbaycan Yaponiya ilə siyasi münasibətləri inkişaf etdirməklə yanaşı, mövcud iqtisadi əməkdaşlığın daha da əhatəli olmasına çalışır.

Yaponiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu qeyd edən N.Kişi bildirib ki, istər siyasi, istərsə də iqtisadi sahələri əhatə edən əlaqələr dostluq və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulub. Hər iki ölkənin qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu potensialdan istifadə edərək əlaqələri daha da inkişaf etdirmək lazımdır.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Hiroşiqe Seko ilə görüşü keçirilib. Görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa bürosunun baş direktorunun müavini, GUAM üzrə xüsusi nümayəndə Toşihiro Aiki, Avropa İdarəsinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin əməkdaşı Toşifumi İto da iştirak ediblər.

Son illər sürətli inkişafı ilə Azərbaycanın regionun lider dövlətinə çevrildiyinə diqqət çəkən H.Seko Yaponiyanın ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.