Xəbərlər
Azərbaycanın energetika naziri Berlində keçiriləcək Ətraf Mühit və Enerji üzrə 14-cü toplantıda iştirak edəcək
Azərbaycanın energetika naziri Natiq Əliyev fevralın 19-da Berlində Almaniyanın hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurasının təşkilatçılığı ilə keçiriləcək Ətraf Mühit və Enerji üzrə 14-cü toplantıda iştirak edəcək.
Energetika Nazirliyindən bildirilib ki, “Avropada enerji transformasiyasının yenidən qurulması: rəqabətli, təhlükəsiz, innovativ” mövzusuna həsr olunan toplantıda Xristian-Demokratlar Birliyi Partiyasının İqtisadiyyat Şurasının prezidenti Verner Mişel Bahlsen və qurumun baş katibi Volfqanq Steiqerin dəvəti, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə energetika naziri N.Əliyev də iştirak edəcək.
Tədbirdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin, qurumun rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Günter Ottingerin, Almaniyanın Federal Kansler Aparatının rəhbəri və Xüsusi Tapşırıqlar üzrə naziri Peter Altmayerin, Almaniyanın federal ətraf mühit, təbiətin qorunması, tikinti və nüvə təhlükəsizliyi naziri Barbara Hendriksin və bir neçə ölkənin enerji sahəsində fəaliyyət göstərən yüksək səviyyəli nümayəndələrinin və aparıcı şirkətlərin təmsilçilərinin də iştirakı nəzərdə tutulur. Azərbaycanın energetika naziri N.Əliyevin toplantıdakı çıxışı Avropanın enerji infrastrukturuna transformasiya məsələləri ilə bağlı olacaq.
1963-cü ildən etibarən Almaniyanın bütün federal ərazilərində fəaliyyət göstərən Xristian-Demokratlar Birliyi partiyasının İqtisadiyyat Şurası Almaniyada biznes dairələrinin maraqlarını təmsil edir. SOCAR-ın Almaniyadakı nümayəndəliyi də hazırda 11 minə yaxın üzvü olan İqtisadiyyat Şurasının üzvüdür.