Xəbərlər
Avstriya qəzeti: Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmır
Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzetinin internet saytında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla söhbət əsasında hazırlanmış məqalə verilib.
Məqalənin müəllifi Martin Rixter qeyd edir ki, enerji sektorunun uzunmüddətli inkişafa malik olduğu Azərbaycan neftin qiymətinin kəskin düşməsini öz iqtisadiyyatı və dövlət büdcəsi üçün ciddi təhlükə hesab etmir.
Dünyada baş verən maliyyə böhranının Azərbaycandan da təsirsiz ötüşmədiyini deyən Araz Əzimov ölkəmizdə onun təsirinin minimuma endirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin “Biz nefti unutmalıyıq” fikrini xatırladan nazir müavini hökumətin qarşısında iqtisadiyyatın digər sektorlarına diqqəti artırmaq, xüsusilə elmi-innovativ sahələri inkişaf etdirmək tapşırığının durduğunu qeyd edib. Vurğulanıb ki, regionlarda yerli resurslar əsasında ixracat üçün məhsullar istehsal edən sənaye zonalarının yaradılması, prioritet iqtisadi istiqamətlər üzrə sahibkarlara vergi güzəştlərinin tətbiqi və lazımsız nəzarət mexanizmlərinin ləğv edilməsi iqtisadi inkişafa təkan verəcək.
Məqalədə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycanın regiondakı siyasi proseslərə verdiyi qiymət və tutduğu mövqe barədə fikirlər də yer alıb.