Xəbərlər
Albaniya TAP vasitəsilə Avropanın enerji bazarı ilə Balkanları birləşdirən mövqedə əsas rolu oynamağa hazırdır
Albaniya “Trans-Adriatik” (TAP) qaz boru kəməri vasitəsilə Avropanın enerji bazarı ilə Balkanları birləşdirən mövqedə əsas rolu oynamağa hazırdır.
Bu sözləri Albaniyanın Baş naziri Edi Rama Tiranada ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirdiyi görüşdə ölkəsinin Avropanın enerji təhlükəsizliyindəki rolu və TAP layihəsi üzrə müsbət irəliləyişlər barədə məlumat verərkən deyib.
Edi Rama deyib: “TAP-ın şaxələndirilməsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü bəzi infrastruktur layihələri vasitəsilə asanlaşdırmaq olar. Bu layihələrdən biri İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsidir. Albaniyanın Avropaya inteqrasiyası çərçivəsində Avro-Atlantik regionunda regional inteqrasiya üçün strateji baxımdan İon-Adriatik qaz boru kəməri xüsusi əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Albaniya Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya nəql edəcək TAP qaz boru kəmərinin tranzit ölkələrindən biridir. Uzunluğu təxminən 870 kilometrdən çox olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədindəki Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).
İon-Adriatik qaz boru kəmərinin isə 516 kilometr uzunluğunda olması və Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. Bu boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Xorvatiyadan isə Macarıstan, Mərkəzi və Qərbi Avropa ölkələrinə təbii qaz nəql edilə bilər.