Xəbərlər
İndiyədək 4 min 600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4 min 600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu da 14 min 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov fevralın 11-də Bakı Biznes Mərkəzində "İdeyadan biznesə doğru" mövzusunda keçirilən tədbirdə bildirib.
Qeyd edilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş əsas vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri güzəştli maliyyə dəstəyinin göstərilməsidir.
Biznes inkubatorların yaradılmasının gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən olduğunu deyən nazir müavini İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini deyib. Diqqətə çatdırılıb ki, bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlər, o cümlədən beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, treninqlər, biznes ideyalar müsabiqəsi və digər tədbirlər keçirilib.
Çıxış edən gənclər ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, onların inkişafı üçün daha yaxşı şəraitin yaradılmasına dair təkliflər səsləndiriblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, "ASAN xidmət" mərkəzinin, Yüksək Texnologiyalar Parkının, Azərbaycan Gənclər Fondunun, ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən 150-yə yaxın gənc iştirak edib.