YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları yerli jurnalistlərə təqdim olundu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 11-də Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2016 Formula 1 Avropa Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

Bu barədə Trend-ə BŞH-dən məlumat verilib.

Yetmişə yaxın jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (www.bakucitycircuit.com/az) vasitəsilə həyata keçiriləcək.

Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai, yarışa hazırlıqla bağlı görülən son işlərdən danışdı və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula 1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Daha sonra çıxış edən BŞH-nın KİV Əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib. Seminar Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam edib. Formula 1 şərhçisi R.Əliyev tədbir iştirakçılarına Qran Pri yarışılarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verdi və həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.

Üç saat davam edən seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçirilib. BŞH-nın media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi ilə və eyni zamanda yarışla əlaqədar suallarını cavablandırıblar.

Bakı Şəhər Halqası haqqında

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.