YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmasına hər cür şərait yaradılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdən əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələr və verdiyi tapşırıqlarla əlaqədar görüləcək işlər geniş müzakirə olunub.

Konfransı giriş sözü ilə açan Lütvəli Babayev son illər, xüsusən ötən il rayonda sosial-iqtisadi inkişafın uğurlu nəticələri barədə ətraflı məlumat verib, Zərdabda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı sahəsində potensial imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə sahibkarların təşəbbüsləri dəstəklənəcək və onlara hərtərəfli qayğı göstəriləcək. Hazırda bu istiqamətdə lazımi tədbirlər görülür.

Görüşdə çıxış edən Hicran Hüseynova birinci Dövlət Proqramından sonra Azərbaycanın keçdiyi sürətli sosial-iqtisadi inkişaf yolunu təhlil edib, qazanılan böyük uğurları konkret faktlarla diqqətə çatdırıb. Komitə sədri dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini söyləyib, yaranan vəziyyətdə çevik və sistemli tədbirlərin həyata keçirilməsi üçün ölkənin bütün resurslarının səfərbər olunmasının zəruriliyini vurğulayıb. Bildirib ki, hazırda ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib.

Bu məsələyə hamının daha həssas və məsuliyyətlə yanaşmasının, sahibkarların sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradılmasının vacib olduğunu qeyd edən H.Hüseynova deyib: “Sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi, orta təbəqənin daha da gücləndirilməsi prioritet istiqamətdir. Bununla bağlı güclü qanunvericilik bazası formalaşıb. Qəbul olunan qanun və bir sıra dövlət proqramları qadınların istənilən sahədə fəaliyyət göstərməsinə imkan yaradır. Bu sənədlərdə onların məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Qadın sahibkarlığının inkişafına hər cür dəstək göstərilir, qadınlar üçün əlavə iş yerləri yaradılır. Tənha anaların, imkansız ailələrdən olan qadınların məşğulluğunun artırılması üçün onların müxtəlif sahələrdə biznesə cəlb olunması sürətləndirilir”.

Bu gün Azərbaycanda qadınların təqribən 50 faizinin əmək fəaliyyəti ilə məşğul olduğunu, onların ölkə iqtisadiyyatının, demək olar, bütün sahələrində çalışdıqlarını qeyd edən komitə sədri məlumat verir ki, sahibkarlar arasında qadınların xüsusi çəkisi 19,4 faizə çatır. Onlar fərdi sahibkarlıq, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti, sosial xidmət və digər sahələrdə çalışırlar. Azərbaycanda qadın sahibkarlığına maraq günbəgün artır. Bu barədə danışan H.Hüseynova deyib: “Buna görə də qadınlar peşə hazırlığına və hazırlıq kurslarına cəlb olunmalı, onlar bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaq üçün maarifləndirilməlidirlər. Kiçik və orta sahibkarlığın inkişafında ilk növbədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istərdim. Sahibkar qadınların fəaliyyətini gücləndirmək üçün Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr qadınlara kiçik və orta biznesin qurulmasında kömək edir. Xüsusilə, daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan köklü iqtisadi islahatlar öz töhfəsini verməkdədir. Lakin biz daxili imkanlarımızı daha yüksək nəticələr qazanılmasına səfərbər etməliyik. Regionlarda infrastrukturu müasirləşdirməklə, intellektual mühit formalaşdırmaqla sahibkarlığın daha da inkişaf etməsinə nail olmaq mümkündür. Belə ki, qadınların sosial problemlərinin həlli üçün lazımi şəraitin yaradılması onların daha aktiv fəaliyyət göstərmələrinə səbəb olur”.

İctimaiyyət nümayəndələrinin və sahibkarların təklifləri geniş müzakirə olunub, onların araşdırılması və həlli üçün əlaqədar qurumlara konkret tapşırıqlar verilib.