YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyalı iş adamları Azərbaycandakı əlverişli investisiya mühiti barədə məlumatlandırılıblar

Fevralın 10-da Praqada Azərbaycanda investisiya imkanları, iqtisadi və ticarət sahəsində əməkdaşlıq əlaqələrinə həsr edilmiş işçi səhər yeməyi formatında görüş təşkil edilib.

Çexiya Sənaye və Ticarət, Xarici İşlər nazirliklərinin, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) dəstəyi ilə təşkil edilən görüşdə Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev, çexiyalı dövlət qurumlarının nümayəndələri və müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Səfir Fərid Şəfiyev çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanda iqtisadi inkişafın sabit şəkildə davam etdiyini bildirib, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında məlumat verib. Səfir xüsusilə “Sumqayıt Kimya Sənaye Parkı” barədə ətraflı söhbət açıb, burada iş adamları üçün yaradılan münbit şəraitə toxunub və çex iş adamlarını sözügedən sənaye parkı ilə əməkdaşlıq etməyə və sərmayələr yatırmağa dəvət edib.

Çexiya Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Yirji Pıtliçek Azərbaycanın etibarlı tərəfdaş olduğunu, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirildiyini məmnunluqla qeyd edib. O, Azərbaycanın yerləşdiyi regionda digər dövlətlərlə müqayisədə ölkəmizin daha dayanıqlı və sabit iqtisadi inkişaf yolunda olduğunu vurğulayıb və çex şirkətlərini çəkinmədən Azərbaycana yatırım etməyə çağırıb.

Çexiya Xarici İşlər Nazirliyinin rəsmisi Radek Matula ölkəmizdə səfir işlədiyi dövr ilə bağlı öz təəssüratlarını bölüşüb, ölkəmizin uğurla inkişaf etdiyini bildirib, həyata keçirilən infrastruktur layihələri, yeni metro xətlərinin tikintisi və s. sahələrdə görülən işlərdən bəhs edib.

EGAP nümayəndəsi Hana Hikelova da çıxışında Azərbaycana yatırım edən çex şirkətləri haqqında məlumat verib, ölkəmizdə təhlükəsiz investisiya mühitinin formalaşmasından danışıb və bununla bağlı Çexiya hökumətinin müsbət tövsiyəsi haqqında məlumat verib.