Xəbərlər
İranla sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifəsini icra edən cənab Rza Raeinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla İran arasında dərin tarixi köklərə malik münasibətlərin yüksələn xətlə davam etdiyini, iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daim genişləndiyini qeyd edib. Respublikamızın makroiqtisadi inkişaf dinamikası barədə məlumat verən nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun ölkədə etibarlı sosial müdafiə sisteminin qurulmasına imkan yaratdığını vurğulayıb. S.Müslümov bildirib ki, bu gün dünyanın bir çox ölkələrində kəskin iqtisadi böhran səbəbindən sosial sahə ilə bağlı büdcə vəsaitlərinə qənaət prinsipləri hökm sürdüyü halda, Azərbaycanda iqtisadi artımın təmin edilməsi şəraitində sosial müdafiə tədbirləri daha da gücləndirilir, bu sahəyə ayrılan vəsaitlər ildən ilə artır. Ötən il də dövlət büdcəsi xərclərinin 32 faizə yaxın hissəsini məhz sosial təyinatlı xərclər təşkil edib və əvvəlki illə müqayisədə bu xərclər 3,4 faiz çox olub.
Nazir qeyd edib ki, ölkədə 1,8 milyondan çox şəxsin pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri, aztəminatlı ailələr üzrə təqribən 500 min nəfərin ünvanlı dövlət sosial yardımı ilə təminatı həyata keçirilir.
Ötən dövrdə respublikada işsizliyin kəskin şəkildə azaldıldığını qeyd edən S.Müslümov əmək resurslarından səmərəli istifadə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, inkluziv əmək bazarının formalaşdırılması sahəsində aparılan işlərdən bəhs edib. Son illərdə yaradılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi barədə məlumat verən nazir sosial təminat, tibbi-sosial-ekspertiza və reabilitasiya sahələrində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulması üçün elektron texnologiyaların tətbiqi yönündə həyata keçirilən islahat tədbirlərini də diqqətə çatdırıb: “Biz bu islahatlar prosesində beynəlxalq əməkdaşlığa xüsusi önəm veririk. Ayrı-ayrı ölkələrlə fəal əməkdaşlığımız vardır. Hesab edirəm ki, Azərbaycanla İran arasında da əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü və hər iki tərəf üçün əhəmiyyətli ola bilər”.
R.Raei təmsil etdiyi qurumun İranda ən ən böyük sığorta təşkilatı kimi sığorta, o cümlədən bədbəxt hadisələrdən sığorta sahələrində fəaliyyət göstərdiyini, bu sahələrdə ölkəmizlə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. O, qarşıdakı dövrdə iki ölkənin bu sahədə də fəal və səmərəli əməkdaşlıq əlaqələrinə malik olması üçün müvafiq işlərin aparılmasını təklif edib. Görüşdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması ilə bağlı fikir mübadilələri aparılıb.