Xəbərlər
Elman Məmmədov: Sarkisyan rejimi AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur
«Ermənistandakı köhnə və heç bir təhlükəsizlik tələblərinə cavab verməyən “Metsamor” atom elektrik stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması kimsəyə sirr deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, hazırda bu AES-in fəaliyyətinin dayandarılıması ilə bağlı səsləndirilən tələblər doğrudur. Onun sözlərinə görə, zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin, ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər.
«Lakin Sarkisyan rejimi AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəldi. Bu da öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan da “Metsamor” AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır»- deyə, E.Məmmədov qeyd edib.