Xəbərlər
Azərbaycan Prezidentinin təşəbbüsü ilə struktur islahatları davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində struktur islahatları davam etdirilir. Bu kontekstdə ölkənin maliyyə-bank sisteminin səmərəli inkişafının təmin olunması, həmin sahədə tənzimləmə və nəzarətin mütərəqqi metod və mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.
Bu fikirlər Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin AZƏRTAC-a açıqlamasında vurğulanır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti ictimaiyyətin diqqətinə çatdırır ki, Palata qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq ölkədə qiymətli kağızlar və sığorta bazarlarının, investisiya fondlarının, ödəniş sistemləri və kredit təşkilatlarının, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək. Qeyd olunan sahələr üzrə lisenziyalaşdırılmasına, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı Palata, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahələrində fəaliyyəti də əlaqələndirəcək.
Şəffaflılığın təmin edilməsi üçün Palata kollegial prinsiplərlə idarə olunacaq. Bu zaman əməliyyat və maliyyə müstəqilliyi prinsipləri əsas götürüləcək. Fərmana müvafiq olaraq 1 ay ərzində Palatanın nizamnaməsi, strukturu və idarəetmə tərkibi dövlətimizin başçısı tərəfindən müəyyən ediləcək və bu andan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam veriləcək. Bu da, müvafiq sahələrdə vahid tənzimlənmənin davamlı və ardıcıl tətbiqini təmin edəcək.
Maliyyə bazarlarında vahid tənzimləyici yanaşma qlobal maliyyə mərkəzlərində uğurla tətbiq edilir və Palata öz fəaliyyətində məhz belə mütərəqqi beynəlxalq təcrübəni rəhbər tutacaq.