Xəbərlər
Elman Nəsirov: Minsk qrupu həmsədrləri fəaliyyətlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdi
«Yanvarın 26-da AŞPA-da Ermənistanın işğalçılıq siyasətini ifşa edən 2 məruzənin müzakirəsi prosesi və onun nəticələri bir sıra qənaətlərə gəlməyə əsas verir. Birincisi, AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş qətnamə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ölkəmizin mövqelərinin hüquqi-siyasi baxımdan daha da gücləndirilməsinə şərait yaradacaq». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, üzv olduğumuz istənilən beynəlxalq strukturda, o cümlədən AŞPA-da bütün il boyu işləmək lazımdır. Onun fikrincə, səfirliklərimiz, vətəndaş cəmiyyəti institutları və medianın bu sahədə koordinasiya olunmuş fəaliyyəti zəruridir.
«Digər tərəfdən, ATƏT-in Minsk qrupu AŞPA-ya təzyiq yolunu tutmaqla üç məsələni istəmədiyini ortaya qoydu. Birincisi, münaqişənin tənzimlənməsi ilə bağlı inhisarçı mövqeyinin dəyişməsini, ikincisi, münaqişədə status-kvo vəziyyətinin dəyişməsini və münaqişənin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını. Bu məqamlar Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsl mahiyyətini bir daha nümayiş etdirdi»- deyə, E.Nəsirov qeyd edib.