Xəbərlər
Əli Əhmədov: Minsk qrupu AŞ PA-da Dağlıq Qarabağla bağlı qərarın qəbul edilməməsi üçün əlindən gələni etdi
“Əgər Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında həqiqətən də saxtakarlıq olubsa, mən bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞ PA üçün o qədər də başucalığı gətirməyən hadisə hesab edirəm”.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov bildirib ki, AŞ PA-da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərarın qəbul edilməsinə mənfi münasibət göstərilməsi və nəticə etibarilə Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞ PA-ya baş ucalığı gətirmir:
“Ən azından ona görə ki, AŞ PA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqenin nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri AŞ PA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər ki, bu da bütövlükdə bizi Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında düşünməyə vadar edir”.