Xəbərlər
Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi müzakirə olunur
Yanvarın 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusuna həsr olunmuş əməkdaşlıq konfransı işinə başlayıb.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov aqrar sahədə aparılan islahatların müsbət nəticələrindən, görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdədir. Kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet məsələ kimi qalacaq.
Konfransda üzüm, pambıq, qarğıdalı, tütün və fındıq kimi məhsulların istehsalı və emalında yeni texnologiyaların tətbiqi, maliyyə institutlarına çıxış üzrə Türkiyə və Azərbaycanın təcrübə mübadiləsi, eyni zamanda həmin sahələrin daha da inkişaf etdirilməsi istiqamətində mövcud vəziyyət, qarşıda duran vəzifələrlə bağlı məsələlər müzakirə olunur.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə ASK arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.