YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pan Gi Mun investorları təmiz enerji mənbələrinin inkişafına kömək etməyə çağırıb

Nyu-Yorkda, BMT-nin iqamətgahında iqlim dəyişmələrinə dair investisiya sammiti keçirilib. Sammitdə dünyanın hər yerindən 500-dən çox sərmayədar iştirak edib. Onlar təmiz energetika əsasında iqtisadiyyata keçid üçün zəruri olan trilyonlarla ABŞ dollarının cəlb edilməsi yollarını müzakirə ediblər.

BMT-nin Baş katibi Pan Gi Mun biznesmenləri BMT-nin qarşıya qoyduğu məsələnin həllinə - təmiz enerji mənbələrinin inkişafına yatırılan investisiyaları 2020-ci ilədək ikiqat artırmağa kömək etməyə çağırıb. 2015-ci ildə belə sərmayələrin həcmi artaraq artıq rekord göstəriciyə - 329 milyard ABŞ dollarına çatıb. Amma qlobal miqyasda temperatur artımını Selsi ilə ən çox 2 dərəcə səviyyəsində saxlamaq üçün bu investisiyalar yetərli deyil.

Pan Gi Mun BMT-nin iqamətgahına toplaşan maliyyə liderlərinə müraciət edərək deyib: “Bu gün mən investorlar birliyini Parisdə əldə olunan müsbət nəticələri çoxaltmağa və qlobal enerji balansında təmiz enerji mənbələrinin payını artırmaq imkanından faydalanmağa çağırıram”. Onların aktivlərinin ümumi məbləği 22 trilyon ABŞ dollarından çoxdur.

Sammitdə sərmayədarlar diqqəti əsasən karbon qazından asılılığın azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan vəsait mənbələrinin öyrənilməsi üzərində cəmləşdiriblər. Parisdə 187 ölkə tərəfindən qəbul edilən bu öhdəliyin 2030-cu ilədək yerinə yetirilməsinə ümumən 16,5 trilyon ABŞ dolları məbləğində sərmayə tələb olunacaq.

BMT-nin Baş katibi vurğulayıb ki, hökumətlər, biznesmenlər və investorlar başa düşürlər ki, “yaşıl” və sabit iqtisadiyyata keçid labüddür, qarşılıqlı faydalıdır. Onun sözlərinə görə, bu proses artıq başlayıb.