YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı deputat: Hüquq müdafəçiləri və qeyri-hökumət təşkilatlarının fəaliyyələri ilə bağlı tam şəffaflığın tərəfdarıyıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü iş günündə iki mühüm məruzənin müzakirəsi birgə keçirildi. 30-dan artıq avropalı deptatın qatıldığı qızğın müzakirələrdə Azərbaycan nümayəndə heyətindən Rafael Hüseynov çıxış etdi.

Nitqini “Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzə ilə əlaqədar düşüncələrini bölüşməklə başlayan Rafael Hüseynov dedi: “İnsan hüquqlarının qorunması yarandığı gündən Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən olub. Bu nəcib iş bu gün də davam etməkdədir və insan hüquq müdafiəçiləri ilə bağlı müzakirələr də əslində həmin vacib problemin tərkib hissələrindən biri sayılmalıdır. 10-15 il əvvəllə müqayisədə Avropda insan hüquq müdafiəçilərinin, eləcə də səmərəli çalışan təşkilatlarının sayının bir neçə dəfə artdığını görərik. Bu xüsusən yeni müstəqillik əldə etmiş ölkələrə aiddir. Məhz gənc demokratiyaların möhkəmlənib inkişaf etməsi üçün bu institutun həmin ölkələrdə daha artıq bərqərar olması, cəmiyyət həyatında daha fəal mövqe tutması zəruridir.

İnsan hüquqları müdafiəçilıərindən söz açarkən onların vəzifələrini necə yerinə yetirməsi, haqqı pozulanları necə müdafiə etməsi əsas sual olmaqla bərabər, digər bəzi mühüm nüanslar da var. Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması nə haldadır? Neqativ fəaliyyətlərlə məşğul olan və hüquq müdafiəçisi pərdəsi arxasında gizlənən bəzi insanlardan necə qorunmalı? Vacib məqamlardan biri də hüquq müdafiəçisi anlayışının meyarlarını müəyyən edərək təsdiqləməkdən ibarətdir. Özünü hüquq müdafiəçisi elan edən hər kəsə bu missiyanı həvalə etmək nə dərəcədə doğrudur?

Bunca müxtəlif düşüncələrin oyanması, çoxlu sualların ortaya çıxması, hüquq müdafiəçilərinin üzv ölkələrdə fəaliyyətinin genişlənməsi bir daha sübut edir ki, bu məruzə lazımlıdır və belə müzakirələr gələcəkdə də davam etdirilməlidir”.

Məruzədə ölkəmizdə hüquq müdafiəçiləri ilə bağlı yanlış müddəaların yer aldığını deyən R. Hüseynov belə məsələlərdə diqqətli olmağa çağırdı: “Məruzədə bir sıra məqamlar var ki, onların dəqiqləşdirilməsinə, obyektivlik naminə bir də nəzərdən keçirilməsinə ehtiyac var.

Parlament Assambleyasının təqdim etdiyi məruzə bir və ya iki nəfərin imzası ilə ortaya çıxsa da, bu bütövlükdə Assambleyanın mövqeyi, baxışı kimi qəbul edilir. Ona görə də burada bəhs edilən hər məsələ, hər fakt diqqətlə yoxlanılmalı, dəqiqliyinə əminlik hasil olandan sonra mətnə əlavə edilməlidir. Bu məruzədə də bir tərəfin iddiaları əsasında elə məqamlar yer alıbdır ki, burada mütləq balans gözlənilməli, qarşı tərəfin də mövqeyi öyrənilməli idi.

İnsan hüquqları müdafiəçilərindən, bütövlükdə insan hüquqlarının qorunmasından söhbət gedən məruzədə faktların özlərinin də hüququ qorunmalıdır. Çox zaman ən böyük insan haqları pozuntuları elə sadə faktların təhrif edilməsindən, təsadüfən, yaxud məqsədli şəkildə qeyri-dəqiq bəyan edilməsindən törəyir. Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılşamaq çətindir, bu fikirlərin hamısı mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətə uyğun olmayan məqamlar mövcuddur.”

Azərbaycanlı deputat maraqla qarşılanan digər bir təklif də irəli sürdü: “İnsan hüquq müdafiəçilərinin daha mütəşəkkil bir gücə dönməsi, gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün Parlament Assambleyasının kömək etmək imkanları çoxdur. Mən təklif edərdim ki, Avropa Şurasında təcrübəli siyasətçilərin cəlb edilməsi ilə hüquq müdafiəçiləri üçün vaxtaşırı təlimlər keçirilsin, mühazirələr oxunsun. Müntəzəm olaraq davam edən belə kurslar üzv ölkələrdəki hüquq müdafiəçilərinin daha yüksək peşəkarlıq əldə etməsinə və daha uğurlu fəaliyyətlərinə layiqli töhfə olardı.”

Müzakirəyə çıxarılmış ikinci məruzə ilə bağlı mülahizələrini bölüşməzdən əvvəl deputat R. Hüseynov erməni nümayəndə heyətinin üzvlərinin yalanlarla dolu və Azərbaycana qara yaxmaq cəhdlərindən ibarət çıxışlarına cavab olaraq dedi: “Biz erməni deputatların böhtanlardan ibarət, nifrətlə dolu çıxışlarını qətiyyətlə rədd edir, bütün bu cılız həmlələri ölkəmizə qarşı Ermənistanın apardığı işğal siyasətinin başqa bir növü hesab edirik”.

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı R.Hüseynov ölkımizdə bu istiqamətdə əhəmiyyətli irliləyişlərin olduğunu göstərərək qeyd etdi: “Bu həqiqətdir ki, müasir dövrdə ölkələrin həyatını qeri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, onların sərbəst, səmərəli fəaliyyəti üçün də lazım olan bütün şərait yaradılmalıdır. Azərbaycanda indi rəsmi məlumata görə QHT-lərin miqdarı 4 mindən çoxdur. Əlbəttə, saydan daha vacib olan göstərici işdir və qeyd etmək lazımdır ki, ölkədə kifayət qədər fəal olan belə təşkilatların miqdarı da çoxdur. Ona görə də Azərbaycanla bağlı məruzədə ifadə edilən tənqidi fikirlərlə razılşamaq çətindir.

Azərbaycanda QHT-lərlə işin təşkili üzrə ayrıca dövlət qurumu mövcuddur, QHT-lərə dövlət qayğısı və dəstəyi də qənaətbəxş səviyyədədir. Lakin bəzən ayrı-ayrı QHT-lərlə əlaqədar problemlərin ortaya çıxması da danılmaz faktdır. Belə hallara bir sıra başqa ölkələrdə də rast gəlinir. Zənnimcə, bu məsələyə bir qədər dərindən diqqət etmək lazımdır. Çünki araşdırmalar göstərir ki, bir sıra hallarda xarici xüsusi xidmət orqanları ayrı-ayrı ölkələrdə müəyyən niyyətlərini və məxfi planlarını həyata keçirmək üçün QHT-lərdən də geniş istifadə edirlər. Təbii ki, hamısından deyil, tora sala bildiklərindən, özlərinə yaxın olanlardan, yaranmasında özlərinin də əli olanlardan, asanlıqla idarə edə bildiklərindən. Müxtəlif rəngli inqilablar, iğtişaşlar yaratmaq üçün külli miqdarda çirkli pulların QHT-lərə kənardan ötürülməsi faktları da bəllidir”.

QHT-lərin fəaliyyəti ilə bağlı tam şəffaflığın əleyhinə olanların özlərinin hansısa qanunazidd əməlləri gizlətməkdə maraqlı olmalarına diqqət yönəldən Azərbaycanlı deputat bildirdi: “Biz bütün istiqamətlərdə aşkarlığın, şəffaflığın tərəfdarıyıq. Ona görə də QHT-lərin də maliyyə qaynaqları, vəsaitləri hara sərf etdikləri açıq elan edilərsə, həmin sahəyə ciddi ictimai nəzarət olarsa daha yaxşı olar. Ancaq yetərincə obyektiv olan belə yanaşma kimlərisə, hansısa qüvvələri narahat edirsə, deməli, onların gizlətmək istədikləri hansısa çirkin məqsədləri var.

Düşünürəm ki, fəaliyyət göstərdiyi ölkənin qanunları çərçivəsində işini qura bilən QHT hansısa çətin problemlərlə üzləşməz və belə bir hal yaranarsa, hamılıqla onun həllinə yardımımızı əsirgəməməliyik”.

Son olaraq qənaətlərini yekunlaşdıran R.Hüseynov demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan belə təssisatların varlığının vacib olduğunu vurğulamaqla yanaşı bütün bu qurumların ali vəzifəsinin tərəqqiyə, ölkənin və dövlətin daha da qüvvətlənməsinə yönəlməli olduğunu vurğulayaraq dedi: “Demokratik cəmiyyətin təklif və tələb etdiyi hər dəyər, o cümlədən QHT-lər institutu dövlətlər üçün çox gərəklidir. Lakin hər bir ölkə, xalq, dövlət, xüsusilə də, bizim kimi müstəqilliyini yeni bərpa etmiş dövlətlər üçün ən ali dəyər onun müstəqilliyidir. Bizim başlıca istəyimiz budur ki, QHT-lərin fəaliyyəti dövlətlərimizin, xalqlarımızın daha da güclənməsinə töhfə versin.”

 

DİGƏR Xəbərlər Arxiv