Xəbərlər
Ziyad Səmədzadə: Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib
«Dünya ölkələrində qlobal iqtisadi böhran davam edir. Dövlətlər öz valyuta ehtiyatlarını itirir, sosial-iqtisadi göstəricilərini xeyli aşağı salır, ixtisarlar edirlər. Bu fonda Azərbaycan iqtisadiyyatı dinamiklik göstərir, inkişaf edir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, cənab Prezident keçirdiyi son müşavirədə Azərbaycan iqtisadiyyatının davamlılığı, xalqın həyatının daha da yaxşılaşdırılması naminə hökumətə mühüm tapşırıqlar verdi. Onun sözlərinə görə, devalvasiya prosesindən sonra Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, atdığı addımlar Azərbaycan iqtisadiyyatının inkişafını davam etdirəcəyinə əminlik yaradır.
«Ölkədə iqtisadi planlar dəqiqləşdirilməli, cari xərclər azaldılmalı, milli iqtisadiyyatımızın inkişafına yönələn xərclər artırılmalıdır. Qarşımıza qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin inkişafına nail olmaq, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək kimi vəzifələr qoyulub. Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib»- deyə, komitə sədri vurğulayıb.