Xəbərlər
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub
Yanvarın 22-də Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə ediblər.
Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirilib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb. Dizel yanacağı ilə işləyən lokomotivlər bütün yolboyu maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqustunadək tamamlanacaq və yol istismara veriləcək.
Bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80 faizinin görüldüyünü deyən Binali Yıldırım məlumat verib ki, bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonunadək başa çatdırılacaq.
Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.
Görüş Türkiyə mediasında canlı yayımlanıb.
Sonda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.