Xəbərlər
Zəfərin təntənəsi
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycan ərazisində qədim insanların yaşadığı, zəngin mədəniyyəti və tarixi ilə dünyanda tanınan güclü dövlətdir. Bizim əzəli dədə-baba yurdumuz olan belə ərazilərdən biri də məhz Zəngilandır. Tarixi faktlardan məlumdur ki, Zəngilan Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus təbiəti ilə seçilən diyarlarından biridir. Araz çayının sahilində, Şərqi Zəngəzurun mühüm coğrafi mövqeyində yerləşən bu rayon əsrlər boyu insanların yaşayış məskəni, sənətkarlıq və təsərrüfat mərkəzi olmuş, tarixi-memarlıq abidələri ilə xalqımızın milli yaddaşında silinməz izlər qoymuşdur. Rayonun coğrafi mövqeyi, təbii sərvətləri və əlverişli nəqliyyat imkanları onun strateji əhəmiyyətini artırmışdır. Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra bölgədə aparılan inzibati dəyişikliklər Zəngilanın idarəçilik tarixində də iz buraxmış, sonrakı dövrlərdə rayon Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının mühüm ərazilərindən birinə çevrilmişdir.
Zəngilanın tarixi yalnız onun coğrafiyası və yaşayış məskənləri ilə deyil, həm də qədim abidələri, dini ocaqları və xalqımızın mənəvi dünyasını əks etdirən memarlıq nümunələri ilə zəngindir. Şərifan abidələri, Şəhri Şərifan və Ağca Aşıq yaşayış yerləri, Qız qalası, Qəsr qalası, XIII əsrə aid sərdabə, Hacallı dairəvi bürcü, XIX əsr körpüsü, Bartaz Qız qalası, Tağlı körpüsü, Koroğlu daşı və Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi bu ərazinin çoxəsrlik tarixindən xəbər verən dəyərli irs nümunələridir. Quyudərə Xəştab nekropolu və Yeməzli kəndindəki qədim küp qəbirlər isə bölgədə yaşayışın qədim dövrlərə gedib çıxdığını göstərir. Məmmədbəyli kəndindəki türbələr, müxtəlif yaşayış məntəqələrindəki sərdabələr və digər memarlıq abidələri Zəngilanın tarixinin ayrılmaz hissəsidir.
Rayonun mənəvi irsində dini abidələr və ziyarətgahlar da xüsusi yer tutur. İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki məscidlər, Xanazor və Yeməzli kəndlərinin alban kilsələri, Səkkizguşəli türbə, Ziya Baba ocağı, Xanazur türbəsi, Soltan Heydər piri, Günqışlaq piri, İzzə piri, Buqakar piri, Məlikli Hacı Mir Məhəmməd ocağı, Veysin piri, Seyid Musa ocağı, Qaradağlı piri, Yal və Yel pirləri, Soltan ocağı və digər müqəddəs məkanlar xalqın mənəvi yaddaşını yaşadan dəyərlərdir. Bu abidələr təkcə daş və memarlıq nümunələri deyil, həm də nəsillərin inancını, dünyagörüşünü və tarixi bağlılığını özündə birləşdirən milli sərvətdir.
Lakin Zəngilanın taleyində uzun illər davam edən işğal dövrü ağır izlər buraxdı. Rayonun yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi və dini abidələri zədələndi, insanların doğma torpaqlarından didərgin düşməsi ilə yüzillik həyat ənənələri pozuldu. Erməni vandalizmi nəticəsində mədəni irsin qorunmasına ciddi zərər dəydi. Məscidlərin, türbələrin, qədim yaşayış yerlərinin və digər tarixi obyektlərin dağıdılması xalqımızın tarixini və mənəvi dəyərlərini hədəfə alan əməllərin acı nəticəsi oldu. Zəngilanın başına gətirilənlər yalnız bir rayonun faciəsi deyildi; bu, doğma yurdlarından ayrı düşən insanların taleyində, dağıdılmış evlərdə və susdurulmuş ocaqlarda təcəssüm edən ümummilli ağrı idi.
1993-cü ildə Zəngilan rayonunun işğalı ilə bölgədə həyat tamamilə dəyişdi. Rayon sakinləri öz doğma evlərini tərk etməyə məcbur oldular, illərlə qorunub saxlanılan tarixi-mədəni irs təhlükə qarşısında qaldı. Zəngilanın işğalı həm də Zəngəzur bölgəsinin tarixi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirdi. Bununla belə, xalqın doğma torpaqlara qayıdacağına olan inam sarsılmadı. Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasət, ordumuzun gücü və xalqımızın birliyi bu ümidin gerçəyə çevrilməsinin əsasını təşkil etdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü idarəetməsi və ali rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində oktyabrın 20-də Zəngilan rayonu işğaldan azad edildi. Bu tarix xalqımızın yaddaşında yalnız hərbi qələbə günü kimi deyil, illərlə həsrəti çəkilən doğma yurda qayıdışın, milli iradənin və dövlət suverenliyinin təntənəsi kimi yaşayır. Zəngilanın azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin həmin ərazidə nəzarətə götürülməsi və bərpası da mühüm strateji nəticələrdən biri oldu. Zəngilanın azadlığı bütövlükdə regionda yeni nəqliyyat və iqtisadi imkanların yaranmasına zəmin yaratdı.
20 Oktyabr – Zəngilan Şəhəri Gününün təsis edilməsi bu tarixi qələbənin əhəmiyyətini daha da artırdı. Bu gün Zəngilanın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını, qazilərimizin igidliyini və Azərbaycan xalqının sarsılmaz iradəsini ifadə edir. Zəngilanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim ehtiramla yad edilir, onların müqəddəs əmanəti olan torpaqların dirçəldilməsi isə dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindən biri kimi həyata keçirilir.
