YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qətiyyət, tarixi Zəfər və sülh naminə təşəbbüslər

Meydanəli Yolçiyev

​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini, milli maraqlara əsaslanan müstəqil siyasətini və regionda dayanıqlı sülhün təmin olunmasına yanaşmasını ifadə edib. Dövlət başçısı çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasının vacibliyini ön plana çəkib.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin dərinləşdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməsini, dövlətlərin qanuni hüquqlarının siyasi maraqlardan asılı olmayaraq qorunmasını ardıcıl şəkildə müdafiə edir. Prezident İlham Əliyevin çıxışı bu baxımdan Azərbaycanın beynəlxalq münasibətlərə dair mövqeyini və ədalətli dünya nizamına yanaşmasını nümayiş etdirir.

Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ikili standartlara diqqət çəkərək Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin beynəlxalq səviyyədə lazımi qiymətini almadığını vurğulayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasız qalması və ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyətinin nəticəsizliyi beynəlxalq mexanizmlərin səmərəsizliyini nümayiş etdirdi. İşğalın illərlə davam etməsi 1 milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, yaşayış məntəqələrinin dağıdılmasına və ciddi humanitar problemlərin yaranmasına səbəb oldu.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyin ölkənin bütün ərazilərində bərpa edilməsi dövlətimizin hərbi qüdrətini, xalqımızın birliyini və siyasi rəhbərliyin qətiyyətini nümayiş etdirdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə beynəlxalq hüququn fundamental prinsiplərinin müdafiəsi baxımından mühüm nəticəyə nail oldu.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın hərbi Qələbədən sonra nümayiş etdirdiyi siyasi iradə və sülhə yanaşması idi. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni qarşıdurmalara deyil, Ermənistanla münasibətlərin normallaşdırılmasına və regionda uzunmüddətli sülhün təmin edilməsinə üstünlük verdi. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi kimi istiqamətlər regional əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Sülhün davamlı olması üçün tərəflərin qarşılıqlı öhdəliklərə əməl etməsi, bir-birinin suverenliyinə hörmət göstərməsi və əldə olunan razılaşmaları ardıcıl şəkildə həyata keçirməsi vacibdir. Sülh yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, konkret hüquqi sənədlərlə möhkəmləndirilməli və real addımlarla dəstəklənməlidir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq regionuna çevrilməsinə, nəqliyyat əlaqələrinin bərpasına və qarşılıqlı faydalı iqtisadi münasibətlərin qurulmasına xidmət edir.

Ölkəmizin sülhə verdiyi töhfə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində də özünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin gələcəyə hesablanmış siyasətinin əsas istiqamətlərindəndir. Bu fəaliyyət tarixi ədalətin bərpasını real nəticələrlə möhkəmləndirir və regionda sabitliyin təmin olunmasına zəmin yaradır.

Azərbaycanın AQEM-ə ikiillik sədrliyi də ölkəmizin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfənin mühüm göstəricisidir. Bu müddətdə təşkilatın institusional imkanlarının gücləndirilməsi, nəqliyyat bağlantılarının genişləndirilməsi, rəqəmsallaşma, təhsil, elm, turizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın təşviqi istiqamətində təşəbbüslər irəli sürülüb. Bu addımlar AQEM-in üzv dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən platforma kimi imkanlarının genişləndirilməsinə yönəlib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan beynəlxalq nəqliyyat və logistika marşrutlarının inkişafında mühüm rol oynayır. Ölkəmizin coğrafi mövqeyi, müasir infrastrukturu və fəal xarici siyasəti regional əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır. Nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın gücləndirilməsi həm Azərbaycanın iqtisadi maraqlarına, həm də Avrasiya məkanında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xidmət edir.

AQEM kimi çoxtərəfli platformaların fəaliyyəti dövlətlər arasında fikir ayrılıqlarının dialoq yolu ilə həlli, ortaq maraqların müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Beynəlxalq sabitliyin qorunması üçün dövlətlərin bərabərhüquqlu tərəfdaşlığına, qarşılıqlı hörmətə və qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə əsaslanan münasibətlər sistemi formalaşdırılmalıdır. Azərbaycanın bu platformadakı fəaliyyəti də məhz belə əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə yönəlib.

Azərbaycanın xarici siyasəti milli maraqların qətiyyətlə müdafiəsi ilə sülh və əməkdaşlıq təşəbbüslərini uzlaşdırır. Ölkəmizin tarixi təcrübəsi sübut edir ki, suverenliyin qorunması və sülhə nail olmaq bir-birini tamamlayan strateji məqsədlərdir. Tarixi Qələbə Azərbaycanın öz hüquqlarını müdafiə etmək əzmini nümayiş etdirdiyi kimi, müharibədən sonrakı mərhələdə irəli sürülən təşəbbüslər də regionun gələcəyinə məsuliyyətli yanaşmanın ifadəsidir.

Azərbaycan bundan sonra da beynəlxalq hüququn prinsiplərinin qorunmasına, dövlətlər arasında etimadın gücləndirilməsinə və Avrasiya məkanında əməkdaşlığın genişlənməsinə töhfə vermək əzmindədir. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün milli maraqlara hörmət, ədalətli yanaşma və beynəlxalq öhdəliklərin icrası əsas şərtlərdir.

DİGƏR Xəbərlər Arxiv