Xəbərlər
Siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələ
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ölkəmizə rəsmi səfər etdi. Dövlətimizin başçısı İlham Əliyevin Laos Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata birgə bəyanatlarla çıxış etdilər. İki ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq, yol xəritəsi kimi dəyərləndirilən sənədlər imzalandı.
Cənab İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik: “Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq”.
Ümumiyyətlə, siyasi əlaqələrin səviyyəsi hər iki ölkəni çox qane edir. “Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşük” söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki, lakin bu, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin xüsusi statusu var. Həmçinin AQEM Zirvə görüşündə iştirak edəcəyiniz üçün təşəkkür edirəm. Bütün ölkələrin dəstəyi ilə Azərbaycan yekdilliklə AQEM-in sədri seçilmişdir. Son iki ildə Azərbaycan bu təsisatın inkişafına töhfə verməyə çalışmışdır. Sözsüz ki, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür.
Prezident İlham Əliyev iki ölkə arasında uğurla inkişaf edən sahələrdən, həmçinin yeni istiqamətlərdən bəhs etdi. Qarşıya qoyulan əsas hədəflərdən biri təbii ki, siyasi müstəvidə uğurla inkişaf edən əlaqələrin mənzərəsini iqtisadi sahədə görməkdir. Cənab İlham Əliyev qeyd etdi ki, ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.
Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Laos Prezidenti bildirdi ki, biz iqtisadiyyat, ticarət, investisiyalar, xalqlararası mübadilələr, turizm, insan resurslarının inkişafı sahələrində əlavə imkanları araşdırmalıyıq ki, Laosun bu sahələrə çıxışı olsun: “Mən həqiqətən inanıram ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq. Biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq. Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq. Biz, həmçinin bir çox digər sahələrdə də araşdırma və müzakirələri davam etdirəcəyik”.
Göründüyü kimi, həm Azərbaycan, həm də Laos əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafında maraqlıdır və bunu konkret addımları ilə təsdiqləmək istəklərini bildirirlər. Laos Prezidenti mətbuata bəyanatında, həmçinin Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına minnətdarlığını bildirdi. Vurğuladı ki, çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.
