Xəbərlər
Tərəfdaşlığın mühüm istiqamətlərindən biri təhsildir
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Hər bir səfər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan mühüm amillərdən biridir. Bu baxımdan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri hazırda ölkə mətbuatında geniş şərh edilir.
Azərbaycanla Laos arasında diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olması siyasi dialoq üçün möhkəm zəmin formalaşdırıb. Cənab İlham Əliyev bu reallığı həm Laos Prezidenti ilə keçirdiyi geniş tərkibdə görüşdə, eyni zamanda, mətbuata bəyanatında xüsusi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır: “Parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkədə dostluq qrupları yaradılmışdır və bu da özlüyündə bir göstəricidir. Çünki biz, eyni zamanda, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanmışdır”.
Səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri iki ölkə arasında birgə Bəyanatın qəbul edilməsidir. Birgə Bəyanatın qəbul edilməsi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi ilə bağlı sənədlərin mübadiləsi münasibətlərin praktik məzmununu genişləndirən addımlardır. Bu sənədlər tərəflərin əməkdaşlığı ayrı-ayrı sahələr üzrə sistemli şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir.
Azərbaycanın Laos tərəfindən irəli sürüləcək investisiya layihələrini nəzərdən keçirməyə hazır olması qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq yanaşmasını göstərir. Cənab İlham Əliyevə mətbuata bəyanatında bildirdi ki, müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Əməkdaşlığın mühüm istiqamətlərindən bəhs edərkən, cənab İlham Əliyev bildirdi ki, əfsuslar olsun ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır: “Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır”.
Tərəfdaşlığın mühüm istiqamətlərindən biri təhsildir. Dövlətimizin başçısı İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin yenidən canlandırılması imkanlarına diqqəti yönəltdi. Azərbaycan universitetlərində Laos gəncləri üçün təqaüd imkanlarının yaradılması iki ölkə arasında humanitar əlaqələri möhkəmləndirə, gələcək mütəxəssislərin yetişməsinə və yeni peşəkar əlaqələrin formalaşmasına töhfə verə bilər. Təhsil sahəsində əməkdaşlıq yalnız bilik və təcrübə mübadiləsi deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi deməkdir.
Nəqliyyat və logistika sahəsində də perspektivlər mövcuddur. Azərbaycanın Şərq-Qərb nəqliyyat əlaqələrində artan rolu, Orta Dəhlizin inkişafı və Laosun regiondakı dəmir yolu bağlantıları gələcək əməkdaşlıq üçün müəyyən imkanlar yarada bilər. Azərbaycanın nəqliyyat infrastrukturu, o cümlədən liman və dəmir yolu imkanları ölkənin beynəlxalq yükdaşımalarında mövqeyini gücləndirir. Hazırda əsas məqsədlərdən biri bu imkanlardan daha səmərəli istifadə etmək, marşrutların rəqabət qabiliyyətini artırmaq və əlavə yük həcmləri cəlb etməkdir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.
Azərbaycan və Laos əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər.
