Xəbərlər
Partiya üzvləri dövlətçilik maraqlarının müdafiəsinə öz fəaliyyəti ilə töhfə verməlidir
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “S.Vəzirov küçəsi 91” ünvanı üzrə ərazi partiya təşkilatında (Kənd Təsərrüfatı Nazirliyi) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini, ərazi partiya təşkilatının sədri Zaur Əliyev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində dövlət suverenliyinin qorunması, milli maraqların təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi ilə bağlı irəli sürülən məsələlərin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələ olmaqla dövlət quruculuğu qarşısında yeni imkanlar və məsuliyyətlər yaradıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edən Zaur Əliyev əldə olunan nailiyyətlərin milli həmrəyliyin qorunmasının və strateji məqsədlər ətrafında birliyin təmin edilməsinin vacibliyini bir daha nümayiş etdirdiyini bildirib.
Zaur Əliyev milli maraqların müdafiəsi, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və ictimai həmrəyliyin qorunmasında Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələrdən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev VIII Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm mərhələ olduğunu və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi partiyanın keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas prioritetləri də müəyyənləşdirir.
Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davam etdirilməsinin, dövlətçilik ənənələrinin qorunmasının və milli maraqların müdafiəsinin YAP-ın fəaliyyətinin başlıca istiqamətləri olduğunu vurğulayıb. Bildirib ki, partiyanın müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi, dəyişən ictimai-siyasi reallıqları düzgün qiymətləndirməsi və yeni çağırışlara çevik yanaşması qarşıda duran əsas vəzifələrdəndir. O, VIII Qurultaydan irəli gələn vəzifələrin ardıcıl icrasının partiyanın təşkilati inkişafına və ölkənin gələcək nailiyyətlərinə mühüm töhfə verəcəyini qeyd edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı İlham Məmmədov çıxışında qurultayda səsləndirilən fikirlərin partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin müasir tələblərə uyğun həyata keçirilməsi baxımından əhəmiyyətindən danışıb.
O bildirib ki, hər bir partiya üzvü dövlətçilik maraqlarının müdafiəsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ictimai məsuliyyətin artırılmasına öz fəaliyyəti ilə töhfə verməlidir. Təşkilati fəaliyyətin səmərəliliyinin görülən işlərin sayı ilə deyil, onların cəmiyyət üçün yaratdığı fayda və əldə olunan real nəticələrlə qiymətləndirilməsinin vacibliyi vurğulanıb.
İlham Məmmədov rəqəmsal kommunikasiya vasitələrindən səmərəli istifadənin partiyanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və ictimai təşəbbüslərin dəstəklənməsi üçün geniş imkanlar yaratdığını qeyd edib.
Nazirliyin aqrar sahədə ictimai-sosial fəaliyyətlərin əlaqələndirilməsi üzrə koordinatoru, YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı çıxışında VIII Qurultayda müəyyənləşdirilən prioritetlər çərçivəsində gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsinin, milli dəyərlərin qorunmasının və gələcək nəslin dövlətçilik düşüncəsi əsasında formalaşdırılmasının əhəmiyyətindən bəhs edib.
O bildirib ki, Azərbaycanın gələcək inkişafında gənclərin bilik və bacarıqlarından səmərəli istifadə olunması, təşəbbüslərinin dəstəklənməsi və ictimai fəaliyyətə cəlb edilməsi mühüm rol oynayır. Gənclərin müasir biliklərə yiyələnməsi, tənqidi düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və cəmiyyət qarşısında məsuliyyət hissinin gücləndirilməsi əsas vəzifələr sırasındadır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
