Xəbərlər
Bakı Gənclər Mərkəzində gənclərlə görüş keçirilib
Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib
Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, partiyanın VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, bu baxımdan gənclərin siyasi maarifləndirilməsi, onların dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi, ictimai təşəbbüslərinin dəstəklənməsi və fəal vətəndaş mövqeyinin təşviqi xüsusi önəm kəsb edir.
Araz Xudadanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasəti gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, təşəbbüskarlığının dəstəklənməsi və cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi üçün geniş imkanlar yaradır.
Bakı Gənclər Mərkəzinin direktoru, YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva çıxışında gənc nəslin nümayəndələrinin dövlətin inkişaf strategiyasının həyata keçirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və cəmiyyətin tərəqqisində fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov isə gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, müasir dünyagörüşünə malik və yüksək intellektual səviyyəli vətəndaşlar kimi formalaşmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Sonra gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
