YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yürütdüyü strategiya daim əməkdaşlıq platformalarına yeniliklər gətirir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Ölkəmizin  Məşvərət Görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Belə ki,  Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub. 2025-ci il noyabrında  Özbəkistanın Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı barədə qərar qəbul edildi. Bununla da əvvəllər “C5” formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə  “C6” formatında daha geniş regional məzmun qazandı.

Dövlət başçılarının 8-ci Məşvərət Görüşündəki çıxışlarına diqqət yetirdikdə bu məqam xüsusilə aydın görünür ki,  söhbət, sadəcə, mövcud əlaqələrin inkişafından getmir. Yeni hədəf birgə investisiya yatırmaq, istehsal etmək, nəqliyyat imkanlarını genişləndirmək, enerji və rəqəmsal layihələri birləşdirmək və dünya bazarlarına birlikdə çıxmaqdır. Bu baxımdan Prezidentlərin Avaza görüşündə səsləndirdiyi fikirlər vahid regional əməkdaşlıq konsepsiyasının təqdimatı kimi diqqətdə oldu.

Dövlətimizin başçısı İlham Əliyev Görüşdəki çıxışında öncə diqqəti Azərbaycan-Türkmənistan münasibətlərinə yönəldərək bildirdi ki, son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.

Hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin, Türk dünyasının birliyinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk: “Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla əlaqələri qarşılıqlı maraq dairəsində olan sahələri əhatə edir və qlobal nizamdakı transformasiyaya uyğun olaraq dərinləşir. Bu, əməkdaşlıq üçün əsas prioritetləri formalaşdırır. Prezident İlham  Əliyev vurğuladı ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.

Göründüyü kimi, Azərbaycanın qəbul etdiyi hər bir  qərarlar, irəli sürdüyü təşəbbüslər, yürütdüyü strategiya daim  əməkdaşlıq platformalarına  yeniliklər gətirir. 

DİGƏR Xəbərlər Arxiv