Xəbərlər
Azərbaycanın regional inkişafa töhfələri davamlıdır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir. Oktyabrın 8-də dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bu məqamlara bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımız davamlı şəkildə genişləndirilir. Ölkəmiz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoyur. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasının vacibliyini vurğulayaraq, ölkəmizin üzvlüyünü dövlətlər arasında uzun müddətdir davam edən qarşılıqlı fəaliyyətin mühüm və məntiqi nəticəsi kimi qiymətləndirdi. Bu fikir Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ikitərəfli əlaqələr səviyyəsində qalmadığını göstərir. Azərbaycanın Mərkəzi Asiya formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionun coğrafi sərhədlərinin genişlənməsindən daha artıq məna daşıyır. Xəzərin sahilində yerləşən ölkələrin əməkdaşlığı Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa bazarları ilə birləşdirən yeni iqtisadi və nəqliyyat məkanının formalaşmasına şərait yaradır. Azərbaycanın bu formatda mühüm aktor kimi iştirakı həm də Xəzərin əməkdaşlıq məkanı kimi rolunu artırır. Bir tərəfdə Mərkəzi Asiyanın zəngin enerji və xammal resursları, digər tərəfdə Azərbaycanın nəqliyyat infrastrukturu və Avropa bazarlarına çıxış imkanları dayanır. Bu imkanların uzlaşdırılması isə regional əməkdaşlığın iqtisadi əsaslarını gücləndirir. Qırğızıstan Prezidenti Sadır Japarovun 2027-ci ildə Azərbaycanın Məşvərət görüşünə sədrliyini dəstəkləməsi qarşıdakı mərhələyə verilən siyasi əhəmiyyətin göstəricisidir. Azərbaycanın sədrliyi, sadəcə, növbəti görüşün Bakıda keçirilməsi ilə məhdudlaşmır. Bu, ölkəmizə növbəti bir il ərzində Məşvərət formatının gündəliyinin formalaşdırılmasında daha fəal iştirak etmək imkanı verir. Azərbaycanın sədrliyi investisiya layihələrinin, nəqliyyat təşəbbüslərinin, sənaye kooperasiyasının və biznes əlaqələrinin daha konkret müstəviyə keçirilməsi üçün əlavə imkan yaradır.
Azərbaycanın bu gün regionda və dünyada möhkəmlənən mövqeyi göz önündədir. Cənab İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ilə yanaşı, MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə iclaslarında, eyni zamanda, Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirakı da bütün bu məqamlara işıq saldı.
