Xəbərlər
Gələcək inkişafın təminatı: sülh, təhlükəsizlik, iqtisadi və siyasi sabitlik
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Region ölkələrinin liderlərini bir araya gətirən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü xüsusi diqqətdə oldu. Belə ki, əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirildi, gələcəklə bağlı çağırışlar diqqətə çatdırıldı. Bu tədbirin mühüm nəticələrindən biri təbii ki, Azərbaycanın 2027-ci ildə Məşvərət Görüşünə ev sahibliyi edəcəyi oldu. Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının hər biri bu qərarı yüksək dəyərləndirərək bu reallığı da xüsusi vurğuladılar ki, 8-ci Məşvərət Görüşündə yeni istiqamətlər müəyyən edildisə, artıq gələn il Bakıda nəticələrdən və sonrakı mərhələdə görüləcək işlərdən bəhs ediləcək. Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbirin yüksək təşkilatçılığı, həmçinin uğurlu nəticələri həmişə dünyaya səs salıb. Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi bu uğurları şərtləndirən əsas amillər sırasındadır.
Əsas məsələlər sırasında birgə investisiya fondlarının imkanlarından istifadə, yeni sənaye müəssisələrinin yaradılması, “Altı ölkə – bir məhsul” kimi istehsal modellərinin reallaşdırılması istiqamətində addımlar, Orta Dəhlizin inkişafı, Xəzər vasitəsilə yükdaşımaların artırılması, enerji və yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal əməkdaşlıq və biznes əlaqələrinin gücləndirilməsi dayanır. Bakı Məşvərət Görüşü Azərbaycanla Mərkəzi Asiyanın birgə iqtisadi imkanlarının təqdim olunduğu böyük biznes platformasına çevrilə bilər.
Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn il Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edərək bildirdi ki, bu gün keçirilən görüşümüz xüsusi əhəmiyyət daşıyır: “İlk dəfədir ki, görüşümüz qardaş Azərbaycanla birlikdə keçirilir. İlham Heydər oğlunu bu görüşümüzdə salamlayıram. “Altı iqtisadiyyat – bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə, məhsul birgə yaradıldıqda iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır. Bu əlaqələr adi əmtəə mübadiləsindən daha möhkəm və dayanıqlı olur. Bu istiqamətdə işlərin inkişaf etdirilməsi məqsədilə 2027-ci ildə qədim Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edirik”.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdıraraq iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini bildirdi. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu fikirlərin real ifadəsidir. Prezident İlham Əliyev çıxışında bundan sonrakı mərhələyə dair yanaşmanı da diqqətə çatdırdı. Ölkə Prezidenti vurğuladı ki, ölkələr yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdırlar. Dövlətimizin başçısının diqqət yönəltdiyi digər istiqamətlər nəqliyyat və enerji oldu. Prezident İlham Əliyev Xəzərin hər iki sahilində formalaşan infrastrukturun Mərkəzi Asiyanı Azərbaycan və beynəlxalq bazarlarla birləşdirmək baxımından əhəmiyyətini qeyd etdi. Orta Dəhlizin inkişafı, “Rəqəmsal İpək Yolu”, Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi, həmçinin yaşıl enerji dəhlizinin yaradılması üzrə əməkdaşlıq bu əlaqələrin rəqəmsal və enerji müstəvisində də genişləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında üç əsas istiqamət önə çəkildi: investisiya və istehsal, nəqliyyat və logistika, enerji və rəqəmsal bağlantılar.
Cənab İlham Əliyev bunların fonunda bu çağırışı da etdi ki, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
