Xəbərlər
Böyük investisiyalar məkanı
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Bu günlərdə Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə ölkəmizin geniş iqtisadi potensialı və investisiya imkanları beynəlxalq tərəfdaşlara təqdim olundu. Reallıq budur ki, Azərbaycan özünün əlverişli investisiya cəlbediciliyini, strateji iqtisadi mövqeyini qorumağa və daha da gücləndirməyə davam edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi şaxələndirmə siyasəti nəticəsində son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici sərmayələrdir. Hazırda qeyri-neft sektoru ölkə ÜDM-nin 71 faizini təşkil edir.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. “İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır” söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər. O da qeyd edildi ki, yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Hazırda yeni ötürücü xətlər üzərində işləyir, mövcud olanları genişləndirir və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər.
Bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasından, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Qeyd etdiyimiz kimi, son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılması, bunun yarısının xarici investisiyalar olması xarici investorların Azərbaycana olan etimadının, ölkəmizdə hökm sürən təhlükəsizliyin və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi: “Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var - 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var”.
İnvestisiyalara gəldikdə ilə vurğulandı ki, neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır. Bu və bir çox digər amillər insan kapitalına, infrastruktura, süni intellektə, iqtisadiyyatın digər sektorlarına yatırılacaq daha çox investisiyalara gətirib çıxaracaq və bu kimi tədbirlərin əhəmiyyəti də ölkə daxilində təqdimatını keçirməkdir.
