Xəbərlər
Dayanıqlı inkişafın əsası: Sabitlik, təhlükəsizlik, əlverişli investisiya mühiti…
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyevin himayəsi altında bu günlərdə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə dövlətimizin başçısı Azərbaycanın iqtisadi inkişafından, dayanıqlığın təmin edilməsindən, yeni texnologiyaların tətbiqi şəraitində müasir dövrün tələblərinə cavab verən iqtisadiyyatın qurulmasından, investisiya cəlbediciliyinin qorunmasından və sair kimi məsələlərdən geniş bəhs etdi. Bildirdi ki, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərdən biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Cənab İlham Əliyev onu da qeyd etdi ki, biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər: “Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər”.
Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici bir ölkəyə çevrildiyini xarakterizə edən göstəricilərdən biri son 20 ildə iqtisadiyyatımıza yatırılan xarici investisiyaların həcmidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. İndiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard dollardan çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Azərbaycan hökuməti yerli və xarici investisiyaların qorunmasını təmin edən hüquqi bazanın yaradılması ilə yanaşı, investisiyaların təşviqi istiqamətində də mühüm addımlar atır. Keçirilən bu kimi tədbirlər mövcud iqtisadi imkanlar barədə dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır. İnvestorlar ölkəmizdə mövcud vəziyyətlə daha yaxından tanış olmaq, görəcəkləri işlər barədə daha dərindən müzakirələr aparmaq imkanı qazanırlar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Düşünürəm ki, bunu kitabdan və ya məqalədən oxumaqla dərk etmək mümkün deyil. Bunu yalnız ölkəyə gəlib müəyyən müddət burada qalmaqla hiss etmək olar. Buna görə də arzu edirəm ki, qonaqlarımız Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.
Dövlət başçısı İlham Əliyev tədbirdə onu da vurğuladı ki, qlobal iqtisadiyyatın inkişafının ümumi tendensiyalarına uyğun hərəkət etmək istəyirik. Bunun üçün əlbəttə, qlobal rəqəmsal infrastruktur şirkətləri ilə, sizin kimi qurumlarla və dünən görüşdüyüm digər şirkət rəhbərləri ilə fəal əməkdaşlıq etməliyik ki, Azərbaycana investisiya imkanları baxımından diqqət yetirilsin. Təhlükəsizlik və sabitlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılabilən vergi sistemi, həmçinin investisiya üçün əlverişli iqtisadi mühit barədə artıq qeyd etdiyim bütün bu amillər bunun üçün zəruri ilkin şərtləri yarada bilər. Beləliklə, əgər bütün bunlar kifayət qədər cəlbedici olarsa, biz uğur qazanacağıq. Əks təqdirdə isə tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik.
Onu da qeyd edək ki, Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyevin Sərəncamı ilə gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul edildi. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır: “Təcrübəyə gəldikdə isə əlbəttə, aparıcı şirkətlərin ən yaxşı təcrübələri və qabaqcıl yanaşmaları bizim üçün çox vacib olacaq. Bu, düzgün istiqamətdə irəliləməyimizə və qeyd etdiyimiz sahələrdə, neft-qaz sektorunda yaratmağa nail olduğumuz mühitə bənzər bir mühit formalaşdırmağımıza imkan verəcək”.
Qeyd etdiklərimiz bu ümumiləşdirməyə əsas verir ki, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və süni intellekt texnologiyalarının tətbiq sahələrinin genişləndirilməsi müasir dövrün əsas çağırışıdır. Bu istiqamətdə görülən sistemli və elmi əsaslı tədbirlər ölkələrin rəqəmsal dayanıqlığının təmin olunmasında həlledici rol oynayır. Həyata keçirilən tədbirlər həm dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, həm də iqtisadiyyatın rəqəmsal əsaslar üzərində inkişafına xidmət edir. Əsas hədəflərdən biri, təbii ki, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması və bu məqsədlə təhsil və elmi fəaliyyətin inteqrasiyasının gücləndirilməsidir.
