Xəbərlər
Tərtərdə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Tərtər şəhərinin Mərkəzi Meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov və “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Dəmirçilər kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Təhmuraz Muradov çıxış edərək 20 sentyabr Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Bildirilib ki, 2020-ci ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, eləcə də 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin olunub.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilməsi ölkəmizin tarixində mühüm hadisədir. Bildirilib ki, dövlət suverenliyinin tam bərpası Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramına yeni imkanlar yaradıb. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı təmin olunur.
Tədbirin sonunda 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş Fazil Vəliyevə 70 illik yubileyi münasibətilə fəxri fərman təqdim edilib.
