Xəbərlər
Ədalət bərpa olundu
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Hər bir bayram, tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü il sentyabrın 19-da rəşadətli ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbətliyi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əbədiləşdirilməsi, indiki və gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımlar sırasında azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin suverenliyimizin tam bərpasından sonra imzaladığı sərəncamlardan biri məhz 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü elan edilməsidir. Şəhər günləri Böyük Qayıdış Proqramı çərçivəsində hər bir şəhər, rayon, kənd və qəsəbədə görülən bərpa-quruculuq işlərinin, soydaşlarımızın bu torpaqlara mərhələli qayıdışının təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü son üç ildə görülən işlərin miqyasının genişliyi fonunda böyük sevinc və qürur hissi ilə qeyd edilir. Son üç ilin qürurverici, tariximizə qızıl hərflərlə yazılan hadisəsi müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi oldu. 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkiləri yeni dövrün ən mühüm hadisəsi, başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdilər. Cənab İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində bir daha bu çağırışı etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan həmişə hədəfimiz olub.
İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın təkmil dirçəliş modelini dünyaya təqdim edirlər. Qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsi özündə mühüm məqamları ehtiva edir. Bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Dövlətimizin başçısı İlham Əliyevin xalqa bütün müraciətlərində, azad edilmiş ərazilərə səfərləri zamanı bu torpaqlara qayıdan sakinlərlə görüşlərində bu çağırış xüsusi yer tutur: “Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq”.
