YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli iradənin simvolu

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabr ayında  növbəti dəfə missiyasını şərəflə yerinə yetirdi və zəfərə imza atdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Belə ki, 2023-cü il sentyabr ayının 19-da baş verən teror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Tərəflər arasında imzalanan 10 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən – Laçın üzərindən qurmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi.  Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Çıxışlarında diqqəti Qarabağın  və Şərqi Zəngəzurun dirçəlişinə yönəldən dövlət başçısı İlham Əliyev bildirir ki, bu bölgələrdə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib.  Hazırda elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cənab İlham Əliyev  İkinci Qarabağ müharibəsi başa çatanda Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bildirdi. 20 sentyabr 2023-cü ildə  xalqa müraciətində isə  “Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq” söyləyən dövlətimizin  başçısı onu da  qeyd etdi ki, bu, bizim əlimizdədir: “Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!”

Azərbaycanın bugünkü reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ötən illər ərzində bu günümüz üçün möhkəm təməl yaradılıb. İndi 30 il işğal  altında qalan torpaqlarımız  azaddır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsini təmin edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi həm tarixi Zəfərimizin, suverenliyimizin tam  bərpasının əbədiləşdirilməsinə, həm də bu torpaqlarda görülən işlərin ətraflı şəkildə təqdimatına geniş imkanlar yaradır. 20 Sentyabr Dövlət Suverenliyi Günü ilə bərabər, həm də Xocalı, Xankəndi, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndi şəhərindən xalqa müraciətində “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm” deyən dövlətimizin başçısı onu da qeyd etdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət suverenliyimizin bərqərar olduğu hər qarış torpaqda Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Bu Zəfər dövlət müstəqilliyinin və milli iradənin simvolu kimi Azərbaycan tarixində əbədi yaşayacaq.