Xəbərlər
Əli Əhmədov: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi 2015-ci ilin ümumi səciyyəsi nöqteyi-nəzərindən ən vacib cəhətlərdən biridir
“Azərbaycan artıq 10 ildən çoxdur Prezident İlham Əliyevin rəhbərliyi altında müəyyənləşdirilmiş siyasi və iqtisadi xətti uğurla həyata keçirməkdədir. Bu illər ərzində Azərbaycan iqtisadiyyat, sosial münasibətlər sahəsində bir çox uğurlar əldə edib. 2015-ci ili artıq bizim adət etdiyimiz, ənənəyə çevrilmiş uğurlar ilindən ayrı təsəvvür etmək mümkün deyil. Müəyyən mənada 2015-ci il bundan əvvəlki illərdə də Azərbaycanda müşahidə olunan bir çox uğurların əldə olunmasına səbəb olmuş illərin davamıdır”. Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Trend İA-ya müsahibəsində səsləndirmişdir.
Əli Əhmədov qeyd etmişdir ki, Azərbaycan dünya, Avropa miqyasında iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə kimi özünü birmənalı şəkildə təsdiq edib. “Azərbaycanın bu özünütəsdiqi ölkəyə dünya birliyi, o cümlədən Avropa tərəfindən olan münasibətin də köklü şəkildə dəyişməsinə gətirib çıxardı. İndi Azərbaycana 10, 15 il bundan əvvəlki kimi deyil, məhz sürətlə inkişaf edən, özünü dünyaya yeni modeli ilə tanıtmış bir ölkə kimi baxırlar. Təbii ki, bunlar nəticəsiz ötüşmür. 2015-ci ildə Azərbaycanda təkcə ölkə çərçivəsində deyil, ölkə hüdudlarından əhəmiyyətli dərəcədə kənara çıxan bir sıra möhtəşəm hadisələr və tədbirlər keçirildi. Mən əvvəlki fikirləri söyləyərkən həm də bunu nəzərədə tuturdum. Azərbaycana olan münasibətin dəyişməsi, dövlətimizin dünya biriyində, Avropa məkanında mövqelərinin və rolunun dəyişməsi təbii olaraq ölkənin bir sıra çox əhəmiyyətli tədbirlərin keçirilməsi üçün iddiaçı kimi çıxış etməsinə etibarlı bir zəmin yaradıb”.
Əli Əhmədov daha sonra bildirmişdir ki, 2015-ci ili səciyyələndirərkən ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsini vurğulamaqdan yan keçmək mümkün deyil. Belə bir idman tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədər seçimin edilməsi təbii ki, ölkənin iqtisadi cəhətdən, müasir bir cəmiyyət olaraq artıq özünü təsdiq etməsinin birbaşa nəticəsidir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, öz növbəsində, Azərbaycanın nə dərəcədə həm iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrildiyini, həm də müasir bir cəmiyyət kimi formalaşdığını təsdiq etdi. Bu, Azərbaycanı dünyaya bir daha təqdim etmək üçün gözəl bir fürsət idi. Güman edirəm ki, yüksək təşkilatçılıq səviyyəsində keçirilmiş idman oyunları məhz Azərbaycanı onun layiq olduğu səviyyədə Avropaya və bütün dünyaya təqdim etməyə imkan verdi. Bu, 2015-ci ilin ümumi səciyyəsi nöqteyi-nəzərindən qeyd etmək istədiyim ən vacib cəhətlərdən biridir.