YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 89 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıblar. Onlar bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilmələrinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub. Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.

Vurğulanıb ki, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.

Hazırda respublikamızın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

 

DİGƏR Xəbərlər Arxiv