Xəbərlər
Sevinc Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir
«Torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilir. Dekabrın 21-də Prezident İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Sərəncam imzalanması bu faktı bir daha təsdiqləyir». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
«Prezident İlham Əliyevin siyasətində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir»- deyə, S.Hüseynova qeyd edib.