YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ölkə və dünya mətbuatında geniş şərh edilməkdədir.  Siyasi iradə, iqtisadi-logistik inteqrasiya, mədəni-humanitar bağlılıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam üst-üstə düşdüyünü və bu əməkdaşlığın geosiyasi əhəmiyyətinin getdikcə daha da artdığını göstərir. Cənab İlham Əliyev mətbuata bəyanatında “Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik” söyləyərək onu da əlavə etdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək. Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. “Bakı” hotelinin açılışına diqqəti yönəldən cənab İlham Əliyev vurğuladı ki, biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır.

Səfərin diqqət çəkən mühüm məqamlarından biri “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bu müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Sənədin əsas fəlsəfəsi dövlətlərin bərabərliyi, bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin qarşılıqlı maraqların nəzərə alınması prinsipləridir. Azərbaycan-Qırğızıstan münasibətlərinin mühüm dayaqlarından biri xalqların tarixi, mənəvi və mədəni yaxınlığıdır. Hər iki ölkənin Türk dünyasının ayrılmaz hissəsi olması onların qarşılıqlı əlaqələrinin inkişafı üçün möhkəm mənəvi baza formalaşdırır. Müqavilədə mədəniyyət, təhsil, elm, səhiyyə, idman, ədəbiyyat, incəsənət və mədəni irs sahələrində əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verilməsi bu yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi gənc nəslin qarşılıqlı əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, akademik əməkdaşlıq və təhsil proqramlarının inkişaf etdirilməsi iki ölkə arasında humanitar əlaqələrin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə şərait yaradacaq.  Müttəfiqlik münasibətləri haqqında Müqavilənin mühüm istiqamətlərindən biri də regionlararası əməkdaşlığın inkişafıdır. Azərbaycanın və Qırğızıstanın müxtəlif regionları arasında birbaşa əlaqələrin qurulması, həmçinin genişləndirilməsi iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafına əlavə imkanlar yarada bilər. Qırğızıstan Prezidenti Sadır Japarov mətbuata bəyanatında belə bir əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır: “Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik. İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur”.

Səfər çərçivəsində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında səsləndirilən fikirlər də iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu bir daha təsdiqlədi. Belə ki, Qırğızıstan Prezidenti Sadır Japarov dahi Nizami Gəncəvidən sitat gətirdi, Qırğızıstanın və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını bildirdi: “Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”.

O da qeyd edildi ki, məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.