Xəbərlər
Azərbaycan-Qırğızıstan əlaqələri: siyasi dialoqdan iqtisadi tərəfdaşlığa
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikası keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Əgər əvvəllər bu əlaqələrin əsasını ortaq tarix, dil və mədəniyyət təşkil edirdisə, bu gün həmin mənəvi təməl üzərində güclü siyasi, iqtisadi və institusional əməkdaşlıq modeli formalaşır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və səsləndirilən bəyanatlar bu prosesin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi.
Səfərin mərkəzində dayanan ən mühüm hadisə Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu sənəd iki ölkə arasındakı əlaqələri ən yüksək siyasi səviyyəyə qaldırmaqla yanaşı, gələcək əməkdaşlığın əsas prioritetlərini də müəyyənləşdirdi. Müttəfiqlik statusu təsadüfi bir mərhələ deyil; bu, uzun illər ərzində formalaşmış etimadın, qarşılıqlı dəstəyin və ortaq maraqların hüquqi ifadəsidir. Müqavilənin imzalanması Bakı və Bişkekin münasibətlərini qısamüddətli konyunktur maraqlar üzərində deyil, uzunmüddətli strateji baxış əsasında qurduğunu göstərir. Dövlətlərarası Şuranın üçüncü iclasında vurğulanan məsələlər də bu reallığı bir daha nümayiş etdirdi. Münasibətlərin inkişafına mane ola biləcək hər hansı fikir ayrılığının mövcud olmaması və əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsinə dair nümayiş etdirilən vahid iradə siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Müasir beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq ən qiymətli siyasi kapital hesab olunduğu üçün bu amil regionda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan məsələlərdən biri də humanitar əməkdaşlığın dərinləşdirilməsi idi. Qarabağın bərpası prosesinə göstərilən qardaş dəstəyi, Ağdamda Manas adına məktəbin fəaliyyət göstərməsi və qarşılıqlı mədəniyyət günlərinin təşkili xalqlar arasında tellərin daha da möhkəmlənməsinə xidmət edir. Bu layihələr Azərbaycan-Qırğızıstan münasibətlərinin yalnız rəsmi dövlətlərarası səviyyədə deyil, birbaşa cəmiyyətlər arasında da yeni məzmun qazandığını sübut edir. Məhz belə təşəbbüslər əməkdaşlığın uzunömürlü olmasının əsas zəmanətidir. Eyni zamanda, səfər çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində verilən mesajlar da xüsusi diqqət çəkdi. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması barədə qəbul edilən qərar yeni birgə proqram və layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaqdır.
Dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət ordenləri ilə təltif olunması da səfərin siyasi əhəmiyyətini artıran rəmzi addımlardan biri oldu. Bu qərar iki lider arasında formalaşmış səmimi münasibətlərin, dövlətlər arasında mövcud olan yüksək etimadın və qarşılıqlı hörmətin bariz göstəricisidir. Beynəlxalq təcrübədə belə addımlar yalnız strateji tərəfdaşlıqlara verilən yüksək siyasi qiymət kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı məqamlar bir daha göstərdi ki, Azərbaycan Türk dünyasında inteqrasiyanın güclənməsinə xüsusi önəm verir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu strateji xəttin tərkib hissəsidir. Bu gün Bakı ilə Bişkek arasında formalaşan əməkdaşlıq modeli yalnız iki ölkənin milli maraqlarına xidmət etməklə kifayətlənmir, eyni zamanda Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə, regionda sabitliyin güclənməsinə və yeni iqtisadi imkanların yaranmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin bu dövlət səfəri isə həmin strateji kursun növbəti uğurlu mərhələsi kimi tarixdə qalacaq.
