Xəbərlər
Azərbaycan-Qırğızıstan münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltdi.Bu səfər təkcə yüksək səviyyəli diplomatik təmaslarla məhdudlaşmadı, həm də Azərbaycan–Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçidini nümayiş etdirdi. Səfər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və verilən siyasi mesajlar tərəflərin əməkdaşlığı strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmək iradəsini ortaya qoydu.
Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər müstəqillik əldə edildikdən sonra qurulmuş və ötən dövr ərzində qarşılıqlı hörmət, suverenliyə dəstək və beynəlxalq hüququn prinsipləri əsasında inkişaf etmişdir.Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq platformalarda bir-birinin mövqelərini ardıcıl şəkildə dəstəkləyir. Bu əməkdaşlıq siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar münasibətlərin inkişafına mühüm töhfə verib. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və yüksəksəviyyəli görüşləri münasibətlərə yeni dinamika qazandırmış, siyasi etimadı daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəldiyini xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, iki ölkə arasında qarşılıqlı etimada, dostluğa və ortaq tarixi-mədəni dəyərlərə əsaslanan əməkdaşlıq artıq müttəfiqlik xarakteri daşıyır. Bu, təkcə siyasi bəyanat deyil, həm də dövlətlər arasında formalaşmış yüksək etimadın, ortaq strateji maraqların və uzunmüddətli əməkdaşlıq iradəsinin ifadəsidir.
Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şurasının növbəti iclasının keçirilməsi iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisədir. Bu ali əməkdaşlıq mexanizmi dövlət başçılarının müəyyən etdiyi strateji prioritetlərin həyata keçirilməsinə xidmət etməklə yanaşı, qəbul edilən qərarların icrasını təmin edən səmərəli platforma rolunu oynayır. Dövlətlərarası Şuranın fəaliyyətinin əsas məqsədi siyasi dialoqun davamlılığını təmin etmək, iqtisadi əməkdaşlığı dərinləşdirmək, nəqliyyat-kommunikasiya əlaqələrini genişləndirmək, investisiya layihələrini əlaqələndirmək və humanitar sahədə qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir. Şuranın növbəti iclasında müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq yalnız dostluq və strateji tərəfdaşlıq bəyanatları ilə məhdudlaşmır, konkret layihələrin və uzunmüddətli proqramların həyata keçirilməsi mərhələsinə daxil olmuşdur. Şuranın fəaliyyəti həm də Orta Dəhlizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi Qırğızıstanın beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan, nəqliyyat, logistika və multimodal daşımalar sahəsində həyata keçirilən birgə təşəbbüslər regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsi, humanitar əlaqələrin dərinləşdirilməsi və institusional əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi iki qardaş ölkənin qarşılıqlı fəaliyyətinin uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Bu yanaşma yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də türk dünyasında inteqrasiyanın gücləndirilməsinə, regional sabitliyin möhkəmlənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətində xüsusi yer tutur. Səfər göstərdi ki, Bakı ilə Bişkek yalnız dost və tərəfdaş deyil, həm də regional və beynəlxalq məsələlərdə bir-birinə güvənən strateji müttəfiqlər kimi çıxış etmək niyyətindədir.
