Xəbərlər
“Yay məktəbi”nin iştirakçıları üçün Qusar rayonunda təlim və istirahət düşərgəsi təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gəncləri və könüllülərinin birgə təşkil etdiyi “Yay məktəbi” layihəsi çərçivəsində iştirakçılar üçün Qusar rayonunda təlim və istirahət düşərgəsi təşkil olunub.
Düşərgə çərçivəsində “Siyasi partiyalar və siyasi kampaniyalar” mövzusunda simulyasiya oyunu keçirilib. Gənclər komandalara bölünərək mövzu üzrə təqdimatlar hazırlayıb, süni intellektin dəstəyi ilə siyasi rəmzlər formalaşdırıb və “Ən uğurlu namizəd” nominasiyası uğrunda yarışıblar. Simulyasiya oyunu iştirakçıların siyasi proseslərin mahiyyətini daha yaxından mənimsəməsinə, komanda işi, liderlik və təqdimat bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb.
Daha sonra gənclər üçün ebru sənəti üzrə master-klas təşkil olunub. Təlim zamanı ebru sənətinin tarixi, incəlikləri, istifadə olunan xüsusi boyalar və alətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, hiss və düşüncələrin rənglər və naxışlar vasitəsilə ifadə olunduğu bu qədim sənət növü terapiya vasitəsi kimi də istifadə olunur, insanların emosional vəziyyətinin sabitləşməsinə, əhval-ruhiyyəsinin yüksəlməsinə və yaradıcılıq potensialının inkişafına müsbət təsir göstərir.
Sonra su üzərində naxışların yaradılması mərhələli şəkildə nümayiş etdirilib, hər bir iştirakçı isə öz fərdi kompozisiyasını hazırlayaraq bu sənətin incəliklərini praktik şəkildə mənimsəyib.
Düşərgə proqramı çərçivəsində oğlan və qız iştirakçılar arasında “MasterChef” formatında kulinariya yarışı da keçirilib. Komandalar şəklində yarışan gənclər hazırladıqları yeməklərlə yaradıcılıq, əməkdaşlıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdiriblər.
Gənclər düşərgə ilə bağlı xoş təəssüratlarını bölüşərək layihənin onların şəxsi inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
