YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın suverenliyinin qorunması başlıca amalımız olmalıdır

«Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir. Ölkəmiz Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. İlin əvvəlində təməli qoyulmuş TANAP layihəsi də daxil olmaqla, zəngin qaz ehtiyatlarımızın dünya bazarlarına nəqli sahəsində nəzərdə tutduğumuz planların gerçəkləşdirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi beynəlxalq aləmdəki rolunu daha da artıracaq, respublikamızın gələcək inkişafı və xalqımızın rifahının yüksəldilməsi yolunda yeni perspektivlər açacaqdır». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarına təbrik müraciətində bildirib.  

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan böyük idman bayramına - Birinci Avropa Oyunlarına ev sahibliyi etmişdir. Qitənin 50 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu tədbir yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq ictimaiyyətdə dövlətimizin potensialı, xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi və tolerantlıq ənənələri barədə müsbət təəssüratlar yaratmışdır.

«Təəssüflə qeyd etməliyəm ki, Ermənistanın təcavüzkar siyasəti və qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamımızı narahat edən taleyüklü problem kimi qalır. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq. Bu sahədə diaspor təşkilatlarımızın da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəyliyimiz və birgə fəaliyyətimizlə sanballı töhfə vermək bizim başlıca amalımız olmalıdır»- deyə, Prezident İlham Əliyev vurğulayıb.