Xəbərlər
Altay Həsənov: Birinci xanım Mehriban Əliyevanın gimnastlarımızla hər bir görüşü onlar üçün bir bayrama çevrilərək, idmançılarımızı daha da ruhlandırır
Birinci xanım Mehriban Əliyevanın gimnastlarımızla hər bir görüşü onlar üçün bir bayrama çevrilərək, idmançılarımızı daha da ruhlandırır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bu gün Milli Gimnastika Arenasında keçirilən "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin hesabat-seçki xarakterli VI Ümumi Yığıncağında çıxışında deyib.
A.Həsənov xatırladıb ki, 2002-ci ildə federasiya yenidən qurulduqda fəaliyyətimizə 4 gimnastika növü – bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikası daxil idi: "Bu gün isə Azərbaycanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan bütün 7 gimnastika növü inkişaf etməkdədir. Bunlardan qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikasının ölkəmizdə 2013-cü ilin sonundan etibarən inkişaf etməsinə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük təkan verdi. Və bütün bu inkişaf bizi elə bir məqama çatdırdı ki, idmançılarımız ilk dəfə olaraq dünyada gimnastika bayramı kimi tanınan, bu il Finlandiyanın Helsinki şəhərində keçirilən Gimnastradaya qatıldılar. Bununla da qeyri-yarış növü olan "gimnastika hamı üçün" növünün əsası qoyuldu".
Vitse-prezident bildirib ki, bütün bu gimnastika növləri üzrə yığma komandalarımız 2014-cü ilin aprel ayında istifadəyə verilmiş Milli Gimnastika Arenasının əsas və köməkçi zalında məşq edirlər: "Arenada yaradılmış şəraitdən nəinki öz idmançılarımız, Avropa ilə yanaşı, Asiya, Afrika, Şimali Amerika, hətta Okeaniya zonasında yerləşən ölkələrin gimnastları da təlim-məşq toplanışlarında iştirakı zamanı bəhrələnir. Həm məşq prosesi, həm də tibbi-bərpaedici prosedurların həyata keçirilməsi məqsədilə hər bir şəraitin yaradılması ilə yanaşı, burada gimnastların təhsil alması üçün məktəb, kitabxana, xoreoqrafiya və trenajor zalı, mehmanxana və yeməkxana fəaliyyət göstərir".
Onun sözlərinə görə, bundan əlavə, irimiqyaslı yarışların keçirilməsi üçün olan şəraitin təəssüratları yarışlardan sonra uzun müddət xarici qonaqların müzakirə mövzusuna çevrilir: "Belə yarışlardan biri 2014-cü ilin iyun ayında Milli Gimnastika Arenasında keçirilən ilk beynəlxalq yarış, bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı oldu. Yarışların bu yeni məkanda yüksək səviyyədə təşkilinə nail olmaqla yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız final mərhələsində ilk dəfə olaraq gümüş medal qazandı. Bu bizə və bütün çempionat boyunca böyük coşqu ilə gimnastlarımıza dəstək olan tamaşaçılara yarışın sonuncu günü bəxş edilən dəyərli hədiyyə oldu. Bakı-2015 ilk Avropa Oyunlarında isə gimnastlarımızın ölkəmizə bəxş etdiyi belə hədiyyələrin sayı yeddi oldu. Belə ki, idman gimnastımız Oleq Stepko tarixdə Avropa Oyunlarında 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi qaldı. Onun şəxsi hesabına 1 qızıl, 2 gümüş və 1 bürünc medal yazıldı. Komanda yoldaşları Petro Paxnyuk və Eldar Səfərovla birgə isə komanda hesabında 3-cü yerə layiq görüldü. Bədii gimnast Marina Durundanın gümüş və batut gimnastikası üzrə İlya Qrişuninin bürünc medalı gimnastika tarixində yeni bir səhifə açdı".
A.Həsənov qeyd edib ki, bu ilin sentyabrında bədii gimnastika üzrə gənc Bakı məktəbinin yetirməsi Marina Durundanın Ştutqartda keçirilən Dünya Çempionatında Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya qazanması bizim hamımızı sevindirir: "2012-ci ilin Olimpiadasında bədii gimnastika üzrə fərdi çıxışlarda Aliyə Qarayeva final mərhələsində iştirak etdi və oyunlardan sonra idman karyerasına son qoydu. Nəsil dəyişikliyi baş tutandan sonra növbəti oyunlara Marinanın birbaşa lisenziya qazanması böyük nailiyyətdir. Cari ilin oktyabr ayında isə kişi idman gimnastı Oleq Stepko Qlazqodakı Dünya Çempionatının çoxnövçülük təsnifatında göstərdiyi nəticə ilə 2016-cı ilin aprel ayında Rio-de-Janeyroda təşkil olunacaq Test Turnirində bir Azərbaycan gimnastının iştirakını və Olimpiadaya lisenziya uğrunda mübarizə aparmasını təmin etdi. Daha sonra Oleq Azərbaycanın müstəqilliyi tarixində kişi idman gimnastikasında Dünya Çempionatının ilk medalını qazandı və bununla da Olimpiadaya birbaşa lisenziya əldə etdi. Əgər London Olimpiya Oyunlarında kişi idman gimnastikasında Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq gimnast Şakir Şixəliyev ölkəmizi təmsil etdisə, 2016-cı ilin Olimpiya Oyunlarında artıq bizim 2 gimnastla iştirak etmək şansımız var. Qadın idman gimnastlarımızın da Dünya Çempionatında çıxışları nəticəsində Azərbaycan Test Turnirində təmsil olunmaq hüququ qazandı".
Federasiyanın vitse-prezidentinin sözlərinə görə, təbii ki, 5 il ərzində gimnastika növləri üzrə artıq qeyd etdiyimdən başqa uğurlarımız da olub: "Son illər ərzində bədii gimnastika üzrə yeniyetmə gimnastlarımızın ənənəyə sadiq qalaraq, Avropa çempionatlarının bürünc və gümüş medallarına sahib olmalarını, gimnast Jalə Piriyevanın iki il ardıcıl olaraq "Aeon Cup" adlı Yaponiyada keçirilən Klublararası Dünya Çempionatında bürünc mükafata layiq görülməsini qeyd etmək istərdim. 2011-ci ildə fərdi böyük gimnast Aliyə Qarayeva Monpelyedəki Dünya Çempionatında ilk dəfə olaraq çoxnövçülükdə bürünc medal əldə etdi. Builki Avropa Çempionatında Marina Durunda lentlə finalda bürünc medala layiq görüldü, Dünya Çempionatında isə güclü rəqiblərlə mübarizə apararaq 12 qüsursuz çıxış nümayiş etdirdi. Bu illər ərzində komandanın lideri Marina ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız da Dünya Kuboku mərhələlərinin mükafatçısı və qalibi oldu".
A.Həsənov vurğulayıb ki, artıq bədii gimnastlarımızla birgə gimnastikanın digər Olimpiya növlərini təmsil edən idmançılarımız da beynəlxalq arenada mükafatçılar sırasına daxil olur: "2014-cü ildə kişi idman gimnastikası üzrə müstəqil Azərbaycana Dünya Kubokunun ilk bürünc medalını gimnast Oleq Stepko gətirdi, 2015-ci ildə isə bu bürünc medal qızıla çevrildi. Bu il yenə də ilk dəfə olaraq, Azərbaycanı Avropa Çempionatının finalında Oleq təmsil etdi".
Onun sözlərinə görə, qadın idman gimnastikası və batut gimnastikasının inkişafına 2013-cü ilin sonundan etibarən başlanmasına baxmayaraq, artıq bu növlərdə də uğurlarımız var: "2014-cü ildə tarixdə ilk dəfə olaraq Azərbaycanı təmsil edən gimnast Anna Pavlova Dünya Kubokunda iştirak etdi və yarışların qalibi oldu. Həmin ilin Avropa Çempionatında isə Anna ölkəmizə gümüş medal gətirdi. 2014-cü ildə Dünya Kuboku mərhələsində batutçularımız Oleq Piunov və İlya Qrişunin də bürünc medal qazanmaqla öz sözlərini dedilər. Qeyri-olimpiya növləri akrobatika gimnastikası və aerobika gimnastikasına gəlincə, bu növlər üzrə gimnastlarımız ilk Avropa Oyunlarında iştirak etdi. Akrobatlarımız final mərhələlərində mübarizə apardılar. Daha sonra bu ilin Yaş Qrupları arasında Avropa Yarışlarında Seymur Cəfərov və Murad Ələkbərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazandı. Qarışıq cütlüyümüz Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medal sahibi oldu".
A.Həsənov qeyd edib ki, aerobika gimnastikası üzrə ən yaxşı nəticəmiz 2014-cü ildə komandamızın ilk dəfə bürünc medal qazanaraq Dünya Kubokunun fəxri kürsüsünə yüksəlməsi oldu: "Avropa Oyunlarında aerobika üzrə gimnastlarımız ölkəmizi təmsil etdi. 5 idmançıdan ibarət qrupumuz bu Oyunlarda 10-cu yerlə kifayətləndi. Lakin 5 ay sonra komanda Avropa Çempionatının finalına vəsiqə qazandı və nəticədə 6-cı oldu".
Vitse-prezident bildirib ki, bu illər ərzində gimnastlarımızın nailiyyətləri ilə yanaşı, Federasiyanın bir qurum olaraq beynəlxalq arenada bir neçə uğurları qeydə alınıb: "Belə ki, 2012-ci ildə Federasiyanın Baş katibi Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının Şurasına yenidən üzv seçildi. Bir il sonra Federasiyanın nümayəndəsi Mehman Əliyev həmin qurumun İntizam Komissiyasına səsvermə nəticəsində üzv oldu. Elə 2013-cü ildə Fərid Qayıbov Avropa Gimnastika İttifaqının 25-ci seçki konqresində həmin ittifaqa vitse-prezident seçildi. Federasiyamız Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2014-cü ildə beynəlxalq arenadakı fəaliyyəti ilə fərqlənmiş üzv federasiyalar arasında 3-cü yerə layiq görüldü".
A.Həsənov, həmçinin diqqətləri yenidən yerli səviyyədə inkişafa yönəldib: "Bir neçə il bundan əvvəl gimnastikanı təkcə Bakıda və şəhərətrafı qəsəbələrdə deyil, həmçinin regionlarda inkişaf etdirmək qərarına gəldik. Bu gün isə artıq Xırdalan, Sumqayıt, Gəncə, Göyçay, İsmayıllı, Kürdəmir, Qusar, Şabran, Şirvan və Naxçıvan Muxtar Respublikasında bölmələr fəaliyyət göstərir. Yığma komandamızda çalışan gənc məşqçilərimiz bədii gimnastikanı inkişaf etdirmək üçün bu şəhər və bölgələrə həvəslə yollanırlar. Ümid edirəm ki, bir neçə ildən sonra bu regionların hər birində yerli mütəxəssislər çalışacaq. 2011-ci ildə bədii gimnastika üzrə Azərbaycan Çempionatı tarixə düşdü. İlk dəfə olaraq çempionat paytaxtda deyil, regonda – Qusarda keçirildi. Daha sonra bu təşəbbüs davam etdirilərək, ölkə çempionatı 2013-cü ildə İsmayıllıda təşkil olundu. 2014-cü ilin dekabr ayında isə bədii gimnastika üzrə Bölgələrarası ilk Kuboku uğurla keçirdik. Kubokun əsas məqsədi həmin bölmələrdə məşğul olan gimnastların onlardan daha uzun müddət bu gimnastika növündə təcrübəsi olan Bakı idman klublarının təmsilçiləri ilə rəqabət aparması və medal qazanması idi. Və bir neçə gün bundan əvvəl Azərbaycan Birinciliyi çərçivəsində Bölgələrarası İkinci Kubokda bölgələri təmsil edən iştirakçıların sayının artdığını müşahidə etdik".
Federasiyanın vitse-prezidentinin sözlərinə görə, bundan əlavə, hakim və məşqçilərin ixtisas səviyyəsini artırmaq məqsədilə də yerli hakimlik və məşqçilik kursları keçirilib: "Məşqçilərimiz Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Məşqçilik Akademiyasında iştirak edərək, ən yüksək dərəcəyə nail olmaqla yanaşı, beynəlxalq məşqçilik dərəcələrinə yiyələniblər. 2013 və 2014-cü illərdə isə Bakı artıq bu Akademiyanın, müvafiq olaraq, 1-ci və 2-ci səviyyəli məşqçilik kurslarına ev sahibliyi etdi. 2013-cü ildə bir neçə gənc mütəxəssisimiz bədii gimnastika üzrə beynəlxalq hakimlik kateqoriyasına sahib oldular. 2014-cü ilin əvvəlində bizim üçün yeni olan gimnastika növləri üzrə ilk addımların atıldığı zaman qadın idman gimnastikası və batut gimnastikası üzrə beynəlxalq hakimlik kursları Bakıda təşkil olundu və xarici mütəxəssislərlə yanaşı, yerli hakimlərimiz bu növlər üzrə hakimlik dərəcəsi əldə etdi. Aerobika gimnastikası üzrə də artıq beynəlxalq dərəcəyə sahib olan hakimlərimiz var".
A.Həsənov deyib ki, ötən 5 il ərzində gimnastika növlərinin inkişafına 11 milyondan artıq kapital qoyulub: "Bu vəsaitə yeni gimnastika bölmələrinin açılması, müasir avadanlıqlarla təchiz olunması, idmançıların tibbi dəstəyi, məşqçilərin işə cəlb olunması, mütəxəssislərin peşəkar səviyyəsinin artırılması məqsədilə kurslarda iştirak xərcləri də daxildir. Gələcək planlara nəzər saldıqda isə, gələn il Bakı kişi və qadın idman gimnastikası, batut gimnastikası və bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərinə ev sahibliyi edəcək. İdman gimnastikası və batut gimnastikası üzrə Dünya Kuboku mərhələləri ilk dəfə olaraq tərəfimizdən təşkil olunacaq. 2017-ci ildə Beynəlxalq Gimnastika İttifaqı Şurasının ölkəmizdə keçirilməsi üçün öz namizədliyimizi irəli sürmüşük. 2018-ci ildə batut gimnastikası üzrə Avropa Çempionatına da ev sahibliyi etməyə iddialıyıq. 2019-cu ilin bədii gimnastika üzrə Dünya Çempionatının təşkili artıq bizə həvalə olunub".
Federasiyanın vitse-prezidentinin sözlərinə görə, bundan əlavə, bir çox digər yarış və tədbirlərin keçirilməsi də planlaşdırılır: "Çünki buna ixtiyarımızda olan möhtəşəm şərait imkan verir. Təbii ki, başladığımız inkişaf proqramını daha da təkmilləşdirərək gimnastika növlərinin populyarlaşması və təbliğatı işini davam etdirəcəyik. Bütün bu qeyd etdiyim nailiyyətlər, inkişaf və şəraitə görə gimnastika ictimaiyyəti adından ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Onun bizə olan diqqət və qayğısı göz qabağındadır.
Təbii ki, bu inkişaf dövründə bizim çətinliklərimiz də olub. Lakin biz bu çətinlikləri ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və müdrik tövsiyəsi ilə geridə qoymuşuq. Daimi dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm. Mehriban xanımın gimnastlarımızla hər bir görüşü onlar üçün bir bayrama çevrilərək idmançılarımızı daha da ruhlandırır. Mehriban xanımın 1-ci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyi və oyunların ölkəmizdə yüksək səviyyədə təşkili, Avropa qarşısında bizə qürur hissi bəxs etdiyinə görə ona bir daha öz minnətdarlığımı ifadə edirəm. Bu gün mən, həmçinin Federasiyada çalışan, mütəmadi olaraq ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq yarışların təşkilat komitələrinə cəlb olunan əməkdaşlarımıza, tibbi heyətə gördükləri işlərə və əlbəttə ki, gimnast və məşqçilərimizə böyük əməklərinə görə təşəkkürümü bildirirəm".