YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi əməkdaşlıq münasibətlərin əsasıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu günlərdə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanda rəsmi  səfərdə oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı olmaqla yanaşı, keçilən yolun təhlilini bir zərurətə çevirir. Azərbaycan-Slovakiya münasibətləri zəngin tarixə malikdir.  Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlər müxtəlif istiqamətlər üzrə möhkəmləndirilib. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır.

Səfər çərçivəsində Şuşa şəhərində  Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri oldu, mətbuata bəyanatlarla çıxış etdilər. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.  Cənab İlham Əliyev  onu da vurğuladı ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirdi: “Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq.  Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.

Slovakiya Prezidenti Peter Pelleqrini  Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmasından məmnunluğunu ifadə edərək bildirdi ki, mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər. Peter Pelleqrini vurğuladı ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq.

Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb. Enerji sahəsi Azərbaycan–Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Slovakiya enerji təchizatının şaxələndirilməsinə böyük önəm verir. Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində rolunu ardıcıl şəkildə gücləndirir. Enerji tərəfdaşlığının praktik nəticələri artıq görünməkdədir. 2024-cü il dekabrın 1-dən ilk dəfə Azərbaycan qazının Slovakiyaya ixracına başlanılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini və Slovakiyanın enerji təchizatının şaxələndirilməsində Azərbaycanın rolunun artdığını göstərir. Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında bu məsələlər geniş müzakirə edildi.

Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri  ölkələri, xalqları birləşdirir, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Azərbaycan hazırda 16 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür.