YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Slovakiya dost ölkələrdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Slovakiya əlaqələri  siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr, qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Ötən il Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Slovakiya Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir.

Bu günlərdə Slovakiya  Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri bir daha iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Daim bu məqamı xüsusi qeyd edirik ki, tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra azad Qarabağımız və azad Şərqi Zəgəzurumuz diplomatik mərkəzə çevrilib. Bu torpaqlarımız iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir, beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilirlər. Həmçinin bu və ya digər ölkələrin dövlət başçılarının  qarşılanma mərasimləri də Qarabağda, Şərqi Zəngəzurda keçirilir. Slovakiya Prezidentinin səfəri bu baxımdan da diqqətdə oldu.   Səfər proqramı Şuşadan başladı, Bakıda davam etdi.  Məlumdur ki, Qarabağın bərpası Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Səfər zamanı Azərbaycan və Slovakiya Prezidentləri Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular.

İki ölkə arasında münasibətlər yeni prioritetlər üzrə inkişaf edir. Prezidentlərin Şuşada keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında  qarşıdakı dövr üçün hədəflər müəyyənləşdirildi, mövcud imkanlar geniş təhlil edildi. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır: “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”.

Slovakiya Prezidenti Peter Pelleqrini vurğuladı ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq. Onu da qeyd etdi ki, Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir.